...

ADP sədrinin keçmiş müavini Həsrət Rüstəmov: "Rəsul Quliyevin qərarının hüquqi qüvvəsi yoxdur"

Siyasət Materials 12 Fevral 2007 13:07 (UTC +04:00)

"Rəsul Quliyevin qərarının hüquqi qüvvəsi yoxdur və Nizamnamənin tələbləri baxımından simvolik xarakter daşıyır." Bu sözləri Trend ə açıqlamasında müxalifətyönlü Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin keçmiş müavini, partiyanın qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Həsrət Rüstəmov deyib.

Xatırladaq ki, Azərbaycan Demokrat Partiyasının sədri Rəsul Quliyev fevralın 10-da imzaladığı sərəncamla Sərdar Cəlaloğlunu və Həstər Rüstəmovu özünün müavini vəzifəsindən azad edib, partiyanın mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayılovu, şöbə müdirləri Zakir Hüseynov və Rəşid Mənsurovu tutduqları vəzifədən uzaqlaşdırıb. Rəsul Quliyev onları son zamanlar partiyada yaranmış vəziyyəti gərginləşdirməkdə, sədrin tapşırıqlarını pozmaqda ittiham edib.

H.Rüstəmov qeyd edib ki, partiya Ali Məclisi yanvarın 27-də Mərkəzi Nəzarət-Təftiş Komissiyası istisna olmaqla ADP-nin bütün rəhbərliyinin buraxılması haqqında qərar qəbul edib.

"Ona görə də indi ADP-də nə sədr, nə də sədr müavini yoxdur. Amma burada bir mesaj var. Rəsul Quliyev bununla demək istəyir ki, qərarda adlarını hallandırdığı şəxslər bu gündən mənim komandamda deyillər. Mən bunu normal qəbul edirəm, hər bir insan öz komandasını özü formalaşdırır. Ancaq təəssüf edirəm ki, Rəsul Quliyev partiyadakı çoxluğun deyil, mənfəətpərəst, fürsətpərəst bir qrupun yanında olmağı üstün tutdu. Rəsul Quliyev bununla çoxluğun iradəsinin ziddinə getdi. Bu da onun öz seçimidir", - deyə Həsrət Rüstəmov vurğulayıb.

H.Rüstəmov deyib ki, R.Quliyev tərəfini saxladığı qrup avtoritar idarəçilik üsluna üstünlük verir: "Faktiki olaraq həmin qrupun üzvləri özlərini çoxdan partiyadan ayırıblar. ADP-də demokratik idarəçiliyə üstünlük verən çoxluğun iradəsi ilə həmin qrupun mövqeyi toqquşurdu. Onlar hesab edirlər ki, Rəsul Quliyevin qəbul etdiyi qərar səhv və ya düz olmasından asılı olmayaraq olduğu kimi qəbul olunmalıdır. Bu isə ADP-də qəbul olunmayan bir normadır."

O vurğulayıb ki, ADP-nin qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi fəaliyyətini davam etdirir. Sərdar Cəlaloğlu qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədridir.

Qeyd edək ki, müxalifəti təmsil edən ADP hazırda "Azadlıq" siyasi partiyalar blokunun üzvüdür. 1991-ci ildə yaradılmış ADP-nin sədri, Azərbaycanın eks-spikeri Rəsul Quliyev 1996-cı ildən indiyədək mühacirətdə yaşayır.

Xəbər lenti

Xəbər lenti