...

Rəsmi Bakı Kosovo planını Dağlıq Qarabağ üçün presedent hesab etmir

Siyasət Materials 28 Fevral 2007 13:07 (UTC +04:00)
Rəsmi Bakı Kosovo planını Dağlıq Qarabağ üçün presedent hesab etmir

Azərbaycan, Bakı / Trend müxbir A.İsmayılova/ Rəsmi Bakı Kosovo planını Dağlıq Qarabağ üçün presedent hesab etmir. ATƏT Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakovun Rusiyanın və onun şəxsi mövqeyinin BMT Təhlükəsizlik Şurasında ehtimal olunan planın qəbulunun Dağlıq Qarabağ üçün presedent olmamasından ibarət olmasına dair bəyanatını şərh edərkən Azərbaycan XİN mətbuat katibi Xəzər İbrahim qeyd edib ki, Kosovonu GUAM ölkələrinin ərazisindəki münaqişə ilə müqayisə etmək olmaz. Azərbaycan XİN nümayəndəsi bildirib ki, Kosovo və Qarabağın xüsusən də heç bir oxşarlığı yoxdur və onlar müxtəlif tarixlərə malikdirlər.

X.İbrahim qeyd edib ki, Dağlıq Qarabağ üçün hər hansı muxtariyyat Azərbaycan Konstitusiyası çərçivəsində olmalıdır. Azərbaycan Konstitusiyasına əsasən, Dağlıq Qarabağa muxtariyyat verilə bilər. Lakin bu muxtariyyat yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır. O həmçinin vurğulayıb ki, Kosovoda nəzərdə tutulduğu kimi, Dağlıq Qarabağ muxtariyyat kimi beynəlxalq təşkilata daxil ola bilməz. "Bu, beynəlxalq hüquqda da göstərilib. Yalnız müstəqil dövlətlər belə təşkilatların üzvləri ola bilər. Muxtariyyat isə dövlətin, bu halda Azərbaycanın ayrılmaz hissəsidir", - deyə o vurğulayıb.

XİN nümayəndəsi həmçinin bildirib ki, hazırda əsas məqsəd - işğalçılığın dayandırılması, məcburi köçkünlərin öz yerlərinə qaytarılması, demoqrafik balansın bərpası və yerli sakinlər arasında normal münasibətlərin formalaşmasıdır. X.İbrahim hesab edir ki, yalnız bundan sonra artıq Dağlıq Qarabağ üçün muxtar statusun formasından danışmaq olar.

Xəbər lenti

Xəbər lenti