...

DAK Azərbaycan və Türkiyəni Güney Azərbaycan məsələsini diqqətdə saxlamağa çağırır

Siyasət Materials 12 Mart 2007 14:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti Güney Azərbaycanın problemlərinə biganə yanaşmamalı, bu məsələni kölgədə saxlamamalıdır. Bu fikirlər Dünya Azərbaycanlıları Konqresi (DAK) rəhbərliyinin martın 12-də keçirdiyi konfransda səsləndirilib.

Toplantıda qeyd edilib ki, martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk diasporlarının I Forumunda DAK-ın 12 ölkədən nümayəndələri iştirak ediblər.

DAK sədri Cavad Derəxti qeyd edib ki, təşkilat 2007-ci ili Xocalı soyqırımı ili elan edib, İsveçdə Dünya Azərbaycanlıları Fondunu yaradıb, DAK-ın Qarabağ bölməsi təsis olunub və Siyavuş Mustafayev Qarabağ məsələsi üzrə DAK-ın sədr müavini təyin edilib.

DAK-ın Məclis sədri Sabir Rüstəmxanlı Azərbaycan prezidenti İlham Əliyevin "Mən 50 milyonluq dünya azərbaycanlılarının prezidentiyəm" ifadəsinin tarixi əhəmiyyət daşıdığını vurğulayaraq bu sözləri Güney Azərbaycanlılarının diqqətdə saxlanması baxımından yüksək qiymətləndirib. Məclis üzvü Əjdər Tağızadə Güney Azərbaycanda soydaşlarımızın hüquqlarından, dil, mədəniyyət və ədəbiyyatdan məhrum edildiyini, milli hərəkat fəallarına həbsxanalarda işgəncələr verildiyini diqqətə çatdırıb.

DAK-ın sədr müavini, millət vəkili Həvva Məmmədova Qarabağda süni şəkildə erməni əhalisinin yerləşdirilməsinə diqqəti yönəldib, Xocalı soyqrırımının ildönümünün bu il daha yüksək səviyyədə qeyd edildiyini deyib.

DAK sədrinin müşaviri Tənzilə Rüstəmxanlı isə DAK-ın fəaliyyətini tənqid edərək Sədr Aparatının, Məclisin səmərli işləmədiyini, təşkilati işlərin düzgün aparılmadığını və daha çox iş görülməsinin vacibliyini vurğulayıb. Millət vəkili Qüdrət Həsənquliyev də müxtəlif ölkələrdə DAK-ın fəaliyyəti ilə bağlı təbliğati işlərin düzgün qurulmadığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti