...

BŞİH rəsmisi: "ADP daxilində kimin haqlı olduğunu Bakı Şəhər İcra Hakimiyyəti müəyyən etməməlidir"

Siyasət Materials 4 Aprel 2007 12:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Demokrat Partiyası (ADP) adına iddia edən iki təşkilat Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi təşkilatlarla iş üzrə şöbəsinin müdiri Zaur Ramazanov məlumat verib.

O bildirib ki, Akif Şahbazovun imzası ilə daxil olan müraciətdə aprelin 14-də ADP-nin 9-cu qurultayının keçirilməsi üçün onlara yer ayrılması xahiş olunur. Digər tərəfin - Həsrət Rüstəmovun imzası ilə daxil olan müraciətdə isə A.Şahbazovun tərəfdarlarının ADP adından qurultay keçirmək hüququnun olmadığı bildirilir. H.Rüstəmov aprelin 14-də keçiriləcək qurultaya İcra Hakimiyyətinin yer ayırmamasını xahiş edir.

Z.Ramazanov bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti hər hansı təşkilatın, siyasi partiyaların daxilində baş verən hadisələrə müdaxilə etmir və onların problemlərini ayırd etmək vəzifəsini daşımır: "İcra Hakimiyyəti siyasi partiya daxilində kimin haqlı, kimin haqsız olduğunu necə müəyyən etməlidir və nə vaxtdan bu işlə məşğul olur? Onlar bu məsələni məhkəmələrdə, Ədliyyə Nazirliyində, ən azı hüquqşünasların müzakirəsi ilə özləri ayırd etməlidirlər"-deyə Ramazanov bildirib.

O əlavə edib ki, ADP-nin hər iki qanadından daxil olan müraciətlər bir-biri ilə ziddiyyət təşkil etdiyi üçün İcra Hakimiyyətinin hüquqşünasları ilə müzakirə apardıqdan sonra onlara müvafiq cavablar veriləcək.

Xəbər lenti

Xəbər lenti