...

Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsini nəzərdə tutan qanun  layihəsi qəbul olnub

Siyasət Materials 13 Aprel 2007 18:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin cümə günü keçirilən iclasında "Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi  haqqında" qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Qanun layihəsini parlamentin Regional məsələlər daimi komissiyası hazırlayıb.

Komissiyanın sədri Arif Rəhimzadə bildirib ki, qanun müvafiq icra hakimiyyəti orqanları tərəfindən  bələdiyyələrə yerli  əhəmiyyətli  məsələlərin  həlli üçün əlavə səlahiyyətlərin  verilməsini və bunun həyata  keçirilməsini  müəyyən edəcək. Müvafiq icra  strukturları bələdiyyə orqanlarına dövlət  mülkiyyətində olan  obyektlərin idarə olunması,  yaşayış fondu, qeyri-yaşayış binaları,  infrastruktur obyektlərinin  istismarı,  ictimai nəqliyyatın,  təsərrüfat  yollarının, təhsil,  mədəniyyət, səhiyyə, idman və bədən tərbiyəsi ilə bağlı sahələrin idarə olunması və inkişafı,  bələdiyyə  ərazisində  yerləşən tarixi abidələrin, park və qəbiristanlıqların abadlaşdırılması, vətəndaşlıq  vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı müəyyən  səlahiyyətlər  verə bilər.

"Bələdiyyələrə verilən səlahiyyətlər onlara geniş miqyasda fəaliyyət göstərməyə, yerli məsələlərin həllində aparıcı qüvvə kimi çıxış etməyə imkan yaradacaq", -deyə komissiya sədri vurğulayıb.

A.Rəhimzadə qeyd edib ki, bələdiyyələrin normal fəaliyyət göstərmələri üçün xeyli səlahiyyətləri var: "Buna baxmayaraq, cəmiyyətdə bələdiyyələrin fəaliyyətinin genişlənməsi məsələsi müzakirə predmeti olaraq qalır. Qanunvericilikdə bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi, onların geri alınması və səlahiyyətlərdən imtina qaydaları əks etdirilməyib. "Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi  haqqında" qanun layihəsi qanunvericilikdə olan bu boşluqların aradan qaldırılmasını nəzərdə tutur."

Bələdiyyələ hansı səlahiyyətlərin verilməsini araşdırmaq üçün yerli icra hakimiyyəti və bələdiyyələrin nümayəndələrindən ibarət komissiya yaradılacaq. Komissiya hər iki tərəfdən beş nəfər olmaqla paritet əsaslarla formalaşdırılacaq.

Millət vəkili Əli Məsimli qeyd edib ki, "Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi  haqqında" qanun layihəsi bu sahədə islahatların aparılması və bələdiyyələrin cəmiyyətdə oynadıqları rolun artması baxımında böyük əhəmiyət kəsb edir: "Lakin qanunda yazılır ki, bələdiyyələrə belə bir səlahiyyətlər verilə bilər. Bu isə o deməkdir ki, bələdiyyələrə bu səlahiyyətlər verilməyə də bilər. Qanunda belə bir boşluğun olması gələcəkdə problemlər yaradacaq. Ona görə də qanunda konkret yazılmalıdır ki, bələdiyyələrə belə bir səlahiyyətlər verilməlidir."

Deputat Vahid Əhmədov, Nizami Xuduyev və başqaları Ə.Məsimlinin bu fikirlərini dəstəkləyiblər. Onlar qeyd ediblər ki, qanun konkret yazılmalıdır.

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov isə deyib ki, birdən-birə bələdiyyələrə böyük səlahiyyətlərin verilməsi əlavə problemlərin yaranmasına səbəb ola bilər: "Qanun ona görə belə yazılıb ki, bələdiyyələrə səlahiyyətlər veriləndən sonra hansısa problem yarananda onu geri almaq mümkün olsun."

Spiker Oqtay Əsədov qeyd edib ki, qanun layihəsi birinci oxunuşda müzakirə olunur. Verilən təkliflər əsasında qanun təkmilləşdiriləcək.

Müzakirələrdən sonra "Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi  haqqında" qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Xəbər lenti

Xəbər lenti