...

Milli Məclis gənclik yaşını 35-dən 29-a endirib

Siyasət Materials 8 May 2007 20:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında "Gənclər siyasəti haqqında" qanuna əlavə və dəyişiklik edilib və gənclik yaşı 35-dən 29-a endirilib.

Milli Məclisin Sosial  siyasət  daimi komissiyasının  sədri Hadi Rəcəbli qanunun mahiyyəti barədə ətraflı məlumat verib. Komissiya sədri qeyd edib ki,  sənəd  gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini,  təşkilati-hüquqi əsaslarını müəyyən edəcək və bu sahədə yaranan münasibətləri  tənzimləyəcək.  Azərbaycan  gənclərinin  həm iqtisadi, həm sosial, həm siyasi proseslərin daim önündə olduqlarını qeyd edən komissiya sədri bu qanunun gənclərin bir çox problemlərinin həllində  onlara  yardımçı ola biləcəyini vurğulayıb.

Yeni layihədə BMT standartlarına uyğun olaraq gənclik yaşı 35-dən 29-a endirilib. Komissiya sədri qeyd edib ki, belə bir dəyişiklik beynəlxalq standartlara uyğundur. Çünki dünyada qəbul olunan gənclik yaşı 29-dur.

Bundan əlavə sənəddə orduya çağırılan  gənclərin tərxis olunandan sonra öz iş yerlərində əmək  fəaliyyətlərini  davam  etdirə  bilmələri də nəzərdə tutulub. Bildirildi ki, gənclərə ailə planlaması və reproduktiv  sağlamlıq  sahəsində biliklərin verilməsi,  istedadlı  və yaradıcı  gənclərin  aşkar edilməsi və  inkişafına  yönəldilmiş  tədbirlərin həyata  keçirilməsi də qanunda öz əksini tapıb.

Bundan başqa gənc ailələrin ipoteka krediti almalarına şərait yaratmaq üçün gənc ailə yaşı 35-də saxlanılıb. 35 yaşaına qədər olan şəxslər ailə həyata quranda onların ailəsi gənc ailə hesab olunacaq.

Rəcəbli əlavə edib ki, "Gənclər siyasəti haqqında" qanuna təklif olunan əlavə və dəyişikliklər müvafiq strukturların təmsilçilərinin iştirakı ilə geniş müzakirə olunub. Müzakirələrdən sonra "Gənclər siyasəti haqqında" qanuna təklif olunan əlavə və dəyişikliklər qəbul olunub.

Xəbər lenti

Xəbər lenti