...

Sərdar Cəlaloğlu: "Hakimiyyətin müxalifətlə dialoq təşəbbüsünə cavab verməməsi başadüşüləndir"

Siyasət Materials 22 May 2007 13:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Demokrat Partiyası (ADP) mayın 27-də keçirəcəyi doqquzuncu qurultayına hakimiyyətdən və müxalifətdən aparıcı siyasi qüvvələrin hamısını dəvət edib. Bu barədə ADP-nin qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu çərşənbə axşamı məlumat verib.

Onun sözlərinə görə, Prezident Aparatına, Milli Məclisə, Ədliyyə Nazirliyinə, hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, müxalifət partiyalarının liderlərinə dəvətlər göndərilir. Cəlaloğlu qeyd edib ki, siyasi partiyaların ali toplantılarında iqtidar və müxalifət düşərgəsinin hər ikisinin iştirakını ənənəyə çevirmək lazımdır: "Əslində iqtidar da, müxalifət də bir siyasi gücdür. Sadəcə, mövqelərinə görə bir qüvvənin ayrı-ayrı iki tərəfidirlər. Azərbaycanda iqtidar-müxalifət münasibətləri isə düşmənçilik həddinə çatdırılıb, bir-birinə qarşı barışmaz, qeyri-konstruktiv siyasət yürüdülür" - deyə Cəlaloğlu qeyd edib.

ADP funksioneri qeyd edib ki, onun dialoq təklifinə hakimiyyətdən hələ cavab verilməməsi başadüşüləndir. Çünki uzun illər hakimiyyətə qarşı konstruktiv müxalifət olmayıb, iqtidarın da qeyri-konstruktiv müxalifətə inamı azdır: "Ona görə də iqtidarın birdən-birə dialoq təşəbbüsünə müsbət reaksiya verəcəyini gözləmək düzgün deyil. Bu, uzun vaxt tələb edən bir prosesdir".

ADP 1991-ci ildə Cəlaloğlu tərəfindən təsis edilib. Partiya bu ilin yanvarınadək iqtidara qarşı müxalif mövqedə olub. Yanvarda ADP-nin hakimiyyətlə dialoq qurulmasına dair yeni siyasi kursu qəbul edilib.

Xəbər lenti

Xəbər lenti