...

Azərbaycanın müxalifət liderlərinin toplantısı olacaq

Siyasət Materials 7 İyun 2007 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ İyunun 20-dən sonra müxalifət liderlərinin Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahında toplantısı keçiriləcək. Bu barədə ADP sədri Sərdar Cəlaloğlu cümə axşamı məlumat verib.

Cəlaloğlu qeyd edib ki, toplantıda müxalifətin yeni güc mərkəzinin yaradılması məsələsi müzakirə olunacaq: "Bu, müxalifətin yeni yaradılacaq Alyansına daxil olan qüvvələrin toplantısıdır. Hazırda müzakirə olunan prioritet məsələlərdən biri Qarabağ məsələsidir. Həmçinin yeni güc mərkəzinin yaradılması istiqamətində danışıqlar aparılır"-deyə ADP sədri məlumat verib.

Cəlaloğlunun sözlərinə görə, Alyans ətrafında birləşəcək qüvvələr arasında fikir ayrılıqları yoxdur.

ADP sədri onu da deyib ki, sözügedən təşəbbüslə bağlı "Azadlıq" blokunun liderlərinə müraciət edib, lakin onlar bu təklifdən imtina ediblər.

Müxalifətin yeni Alyansında ASDP, Müsavat, ADP, AMİP, Tərəqqi partiyalarının, Azərbaycan Naminə İctimai Forumun təmsil olunacağı gözlənilir.

Sağ təmayüllü, müxalifətyönlü partiya olan ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən təsis edilib. Yanvarda ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq keçmiş sədr Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Pariyasını yaradıblar.

Xəbər lenti

Xəbər lenti