Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycanda ipoteka keditlərinin verilməsi dayandırıla bilməz. Bu barədə Bakıda Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli məlumat verib.
Komissiya sədri hesab edir ki, ipoteka kreditlərinin verilməsi sosial sifarişdir və hazırda bu proses inkişaf etməkdədir.
"İpoteka kreditlərinin verilməsi üçün 2007-ci ilin dövlət büdcəsində vəsait nəzərdə tutulub və bu vəsait mütləq istifadə olunmalıdır və hansısa formada ödənilməlidir", -deyə Rəcəbli əlavə edib.
O bildirib ki, Azərbaycanda "Sosial ipotekalar haqqında" qanunun qəbul olunması vacibdir. Çünki sosial ipateka ölkədə həm məşğulluq probleminin həll olunmasında, həm bölgələrdə olan çətinliklərin aradan qaldırılmasında, həm də gənc ailələrin sosial müdafəsinin gücləndirilməsində mühüm rol oynayır: "Bu gün Silahlı Qüvvələrdə xidmət edən zabitlərin böyük əksəriyyətinin mənzil problemi var. Sosial ipotekalar vasitəsi ilə bu problemi həll etmək mümkündür. Əlillər üçün mənzillərin tikilməsində sosial ipotekalardan istifadə etmək olar və sair".
Onun fikrincə, ilkin dövrdə ipoteka kreditlərinin verilməsində hansısa problemlər müşahidə oluna bilər. Lakin bu, ipoteka krediltləri verilməsinin dayandırılması demək deyil və bu, ümumiyyətlə mümkün də deyil.