Azərbaycan, Bakı / müxbir S.İlhamqızı/ Deputat səlahiyyətlərinə xitam verilmiş Hüseyn Abdullayevin barəsindəki həbs qərarından verdiyi apellyasiya şikayəti təmin olunarsa, o, yenidən deputat sayılacaq. Bu barədə Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov açıqlama verib.Xatırladaq ki, martın 16-da Milli Məclisin iclası zamanı millət vəkili Abdullayevlə deputat həmkarı Fəzail Ağamalı arasında əlbəyaxa dava olub. Bununla bağlı Respublika Prokurorluğunun təqdimatı əsasında Milli Məclis Abdullayevin deputat toxunulmazlığını ləğv edib və o həbs olunub. Səbail Rayon Məhkəməsinin hökmü ilə Abdullayev şərti olaraq iki il müddətinə azadlıqdan məhrum edilib. Azərbaycan qanunvericiliyinə görə, haqqında məhkəmə ittihamı olan şəxs Milli Məclisin deputatı ola bilməz. MSK katibi Məmmədov qeyd edib ki, Abdullayevin barəsində iki qərar var - şəxsin cinayət törətməsi, yəni, təqsirliliyi və onun deputat səlahiyyətlərinə xitam verilməsi. Əgər birinci hökm ləğv edilsə, o zaman ikinciyə də baxılmalıdır. MSK katibinin sözlərinə görə, Apellyasiya Məhkəməsi Abdullayevin şərti həbsinə dair məhkəmə hökmünü ləğv edərsə, o zaman onun deputat səlahiyyətləri yenidən bərpa olunmuş sayılacaq. Əgər apellyasiya şikayəti təmin edilməyərək əvvəlki həbs qərarı qüvvədə saxlanılacaqsa, o zaman Abdullayevin Milli Məclisdəki yeri boş qalacaq və ora əlavə seçki təyin olunacaq. Bu seçkinin keçirilməsini isə prezident öz sərəncamı ilə təyin etməlidir. |