Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müasir Müsavat Partiyasının Qadınlar Şurası hüquq-müdafiə təşkilatı olan Sülh və Demokratiya İnstitutuna etiraz olaraq cümə axşamı onun ofisi qarşısında piket keçirib.
Partiyanın aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciətinə müsbət cavab verilməyib. Buna baxmayaraq, qadınların dinc aksiyasına polislər müdaxilə etməyib. Müasir Müsavat Partiyasının Qadınlar Şurasının sədri Sevda Qasımova, partiya fəalları Nəsibə Əbiyeva, Zümrüd Mehdiyeva ofisin qarşısında çıxış edərək Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun ünvanına tənqidlər səsləndirib, onun beynəlxalq təşkilatlar qarşısında Azərbaycan əleyhinə məsələ qaldırmasına etirazlarını bildiriblər. Piketçi qadınlar Leyla Yunusu azərbaycanlıların hüquqlarını ermənilərə satmaqda ittiham ediblər.
Ofisin mühafizəçiləri piket iştirakçılarının binaya tam yaxınlaşmasına, içəri daxil olmasına imkan verməyiblər.
Piket heç bir insident baş vermədən başa çatıb.
Sülh və Demokratiya İnstitutundan bildiriblər ki, etirazçılar onlara heç bir qətnamə, etiraz bəyanatı təqdim etməyiblər.