...

Azərbaycanın müxalifət partiyalarının birləşməsi baş tutmayıb

Siyasət Materials 21 Avqust 2007 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / Müxalifətyönlü Ədalət və Azadlıq partiyalarının birləşməsi baş tutmayıb. Bu barədə çərşənbə axşamı Bakıda Azadlıq Partiyasının sədri Əhməd Oruc məlumat verib.

"Müzakirələrdən sonra məlum oldu ki, Azadlıq və Ədalət partiyalarının birləşməsi məsələsində bir sıra problemlər var ki, onları həll etmək mümkün deyil. Məsələyə tam nöqtə qoyulmasa da birləşmə istiqamətində heç bir addım atılmır və müzakirələr aparılmır", - deyə Oruc əlavə edib.

Müxalifətyönlü sağ mərkəzçi Ədalət və Azadlıq partiyalarının birləşməsi məsələsi 2007-ci ilin əvvəllərində gündəmə gəlmişdi. İki partiya nümayəndələrinin iştirakı ilə komissiya yaradılmışdı və müzakirələrə başlanmışdı.

Oruc vurğulayıb ki, iki partiyanın birləşməsinə mane olan əsas problem birləşmiş partiyanın siyasi xəttinin müəyyənləşdirilməsi və tutacağı mövqe ilə bağlı olub. Bundan başqa iki partiya hansı siyasi təşkilatlarla əməkdaşlıq məsələsində razılıq əldə edə bilməyib.

Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli məlumatı təsdiqləyib. Rəhimli qeyd edib ki, Ədalət və Azadlıq partiyalarının birləşməsi sahəsində müəyyən işlər görülüb. Lakin bu işlər geniş olmayıb və uzun müddəti əhatə etməyib. Sonra isə müzakirələr və görüşlər dayandırılıb.

"Birləşmənin baş tutmaması iki partiyanın rəhbərliyinin günahı deyil, obyektiv səbəblərlə bağlıdır. Əsas problem partiyaların birləşməsi nəticəsində yaranacaq siyasi təşkilatın gələcək perespektivləri ilə bağlı idi. Biz belə hesab edirik ki, əgər birləşmə Azərbaycanın siyasi səhnəsində yenilik olmayacaqsa bunun heç bir əhəmiyyəti olmayacaq. Azərbaycan siyasətində durğunluq olduğuna görə, birləşmə lazımı effekt verməyəcək", -deyə Ədalət Partiyasının nümayəndəsi bildirib.

Rəhimli Azadlıq Partiyasının sədrinin gələcək siyasi xəttin və mövqeyin müəyyənləşdirilməsi məsələsinin birləşməyə mane olması haqda dediklərini təkzib edib: "Partiyaların fərqli siyasi xəttləri və baxışları birləşməyə mane olmayıb. Çünki iki partiyanın üst-üstə düşən maraqları daha çoxdur".

Ədalət və Azadlıq partiyaları birgə mübarizə aparmaq üçün birləşməyi planlaşdırırdılar.

Ədalət Partiyası 1995-ci ildə yaradılıb. Partiyaya Azərbaycanın sabiq baş prokururu və ədliyyə naziri İlyas İsmayılov rəhbərlik edir. İsmayılov Azərbaycan parlamentinin üzvüdür.

Azadlıq Partiyası isə 1994-cü ildə yaradılıb.

Xəbər lenti

Xəbər lenti