...

DİN-in sabiq idarə rəisinin Hacı Məmmədovun dəstəsinin cinayətlərindən xəbəri olub

Cəmiyyət Materials 10 Oktyabr 2007 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi Zakir Nəsirovun başçılıq etdiyim dəstənin törətdiyi cinayətlərin bir qismindən xəbəri olub. Trend in məlumatına görə, bunu çərşənbə günü Bakı şəhər Apellyasiya Məhkəməsində Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov özünün və digərlərinin apellyasiya şikayəti üzrə keçirilən məhkəmə prosesində bildirib.

Çoxsaylı qətllərdə, adam oğurluqlarında ittiham olunan dəstənin başçısı Məmmədov Nəsirovun vəkili Adil İsmayılovun suallarını cavablandırarkən bildirib ki, "Azərsığorta"nın rəhbəri Məmməd Məmmədovun oğlu Əhməd Məmmədovun oğurlanmasına qədər dəstənin törətdiyi cinayətlərdən sabiq idarə rəisi xəbərdar olmayıb. Məmmədov bildirib ki, DİN-in Narkotiklərlə Mübarizə Baş İdarəsinin şöbə rəisi Azər İsmayılovun qətlinin hazırlanmasından Nəsirov xəbərsiz olsa da, onun ölümündən sonradan xəbəri olub. Dəstə başçısı AFFA-nın vitse-prezidenti, "Qara polkovnik" Fətulla Hüseynovun qətlindən də Nəsirovun xəbərdar olduğunu və bu qətlin sifarişçisinin də ona məlum olduğunu qeyd edib.

Dəstənin üzvü, Məmmədovun həyat yoldaşı Nailə Quliyeva ifadəsində heç bir cinayətdə iştirak etmədiyini, dəstənin cinayətlərindən sonradan xəbər tutduğunu, tez-tez səyahətlərdə olduğu üçün ona məxsus evdə kimlərin saxlandığından, evdə nələr baş verdiyindən xəbərsiz olduğunu bildirib.

Quliyeva ibtidai istintaq zamanı verdiyi ifadələri də təkzib edib.

Vəkil Quliyevanın uşaqları yaşadığı evin, azyaşlı qızının adına alınan hədiyyələrin üzərinə qoyulan həbsin götürülməsini xahiş edib. O, həmçinin hüquqlarını müdafiə etdiyi şəxsin əməlinin düzgün tövsif olunmadığını, ona həddən artıq ağır cəza verildiyini əsas gətirərək, məhkəmədən Quliyeva barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Proses oktyabrın 16-da digər təqsirləndirilənlərin çıxışları ilə davam etdiriləcək.

Apellyasiya Məhkəməsində keçirilən bugünkü prosesdə dəstə başçısı Məmmədov və təqsirləndirilən digər 22 nəfər şəxs iştirak edir.

Məhkəmənin hökmü ilə Məmmədov əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzasına məhkum edilib.

Dəstə üzvü Fərhad Məmmədbəyov (əmlakı müsadirə olunmaqla), Eldar Rəhimov (əmlakı müsadirə olunmaqla), Malik Məmmədov (əmlakı müsadirə olunmaqla), Husain Abdulvahabov, Zakir Nəsirov (əmlakı müsadirə olunmaqla), Kamil Sədrəddinov (əmlakı müsadirə olunmaqla), Musa Dabuyev, Aslanbek Çintamirov, Yagir Məmmədov ömürlük həbs cəzasına məhkum ediliblər. Digər təqsirləndirilən şəxslər Nizami Abdullayev (əmlakı müsadirə olunmaqla), Sidek Abdulvahabov, Rövşən Ağayev 15l, Nailə Quliyeva (əmlakı müsadirə olunmaqla) 13, Ədalət Əsədullayev, Novruz Nuriyev 12, Əliqulu Quliyev, Nişad İsmayılov (əmlakı müsadirə olunmaqla) 10, Faiq Quliyev, Elçin Əliyev (əmlakı müsadirə olunmaqla) 9, Mehman Həsənov, Fariz Həmidov və Elşən Mirzəyev isə 8 il azadlıqdan məhrum edilib. Aqil Hüseynov və Azər Əliyevə 2 il şərti iş verilib.İbrahim Bağırov isə dövlətə vurduğu ziyanı ödədiyi üçün cərimə barəsindəki cinayət işinə xitam verilib

Xəbər lenti

Xəbər lenti