...

Bakının Sabunçu rayonunda qadınların narkotik vasitələr yayması faktları artıb

Cəmiyyət Materials 24 Oktyabr 2007 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Zərbalıyeva/ Bakının Sabunçu rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı, cari ilin 9 ayında 98 fakt aşkarlanıb. Bu müddət ərzində qanunsuz dövriyyədən 4 kq 600 qram müxtəlif növ narkotik maddə çıxarılıb.

Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının bu gün Sabunçu rayonunda "Narkomanlıq bəşəriyyətin faciəsidir" mövzusunda keçirdiyi müşavirədə bu barədə məlumat verilib. Rayonun beş yüzə yaxın şagird, tələbə və müəllimlərinin iştirakı ilə keçirilmiş tədbirdə çıxış edən rayon icra başçısının birinci müavini Cəmilə Ramazanova bildirib ki, son vaxtlar başqa rayonlarda yaşayan qadınların Sabunçu rayonu ərazisində narkotik vasitələr yayması faktları artıb. Bundan narahatlıq bildirən Ramazanova belə faktlarla hüquq-mühafizə orqanları ilə birgə cəmiyyətin də ciddi mübarizə aparmasını vacib sayıb.

Rayonda 586 şəxs narkoman kimi qeydiyyata alınıb.

Dövlət Komissiyası oktyabrın 26-da Suraxanıda, 30-da isə Həmkarlar İttifaqı Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında bu mövzuda müşavirə keçirməyi planlaşdırır.

Bu il iyunun 28-də prezidentin sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılması ilə mübarizə üzrə" Dövlət Proqramı təsdiq olunub. Rəsmi statistikaya görə, ölkədə 18 minə yaxın narkoman qeydiyyatdadır. Ekspertlər bu göstəricinin reallıqda bundan 3-4 dəfə çox olduğunu deyirlər.

Xəbər lenti

Xəbər lenti