...

Müğənni Elçin Hüseynov plagiat oldu

Cəmiyyət Materials 3 Noyabr 2007 13:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 noyabr /müx. TrendLife Şahin Cavadsoy/

Məşhur "Üçü birində" adlı qəhvənin reklam çarxı yəqin ki, hamınıza məlumdur. Bu kəlamı artıq oğurlayanlar da var. Kim? Türk müğənnisi Çingiz Kurtoğlunun yaxın dostu kimi tanınan müğənni Elçin Hüseynov. Bu gün media mənsublarını rəhbəri olduğu restoranda başına cəm edən sənətçinin tədbirini isə "Xatun" PR-xidməti təşkil etmişdi. Piar xidmətinin yaydığı press-relizdə bildirilirdi ki, Elçin bəy, tədbir zaman bir güllə ilə iki yox, üç dovşan vurmalıdır. Yəni o, eyni vaxtda eyni məkanda KİV nümayəndələrinə həm klip, həm disk, həm də virtual dünyada yayımlanacaq şəxsi veb səhifəsini təqdim etmək niyyətindədir. Müğənni "Mənim səndən başqa bir kimsəm də yox" adlı diski və eyniadlı mahnıya çəkilən ekran işi ilə media önünə çıxdı. Audio kasset və disklər yerli səsyazma studiyası "Səbuhi AMD"də işıq üzü görüb. Sözləri Ramiz Abdullayeva, musiqisi Elçin İmanova aid olan "Mənim səndən başqa bir kimsəm də yox" adlı mahnının klipi jurnalistlər tərəfindən çox məmnunluqla qarşılandı. Rejissoru Natiq Novruz, operatoru Yaqub Azəri olan ekran işi vətənimizin gəzməli, görməli yerlərində lentə alınıb. Fərqli süjet xəttinin olduğunu iddia edən rejissorun bu açıqlamasına mediadan sərt təpki də özünü çox gözlətmədi. Yəni klipdə təyyarəni arxasınca aparan müğənni sübut etməyə çalışdı ki, heç dünya şou-biznesinin nümayəndələri belə bir ekran işi üzə çıxarmayıblar. Hüseynovun daha sonra onu da vurğuladı ki, o, ümumiyyətlə axına qoşulmaq istəmir: "Təbii ki, səs imkanlarıma, səhnə mədəniyyətimə görə digər həmkarlarımdan çox fərqlənirəm. O ki qaldı klipimdəki təyyarəyə, mən pərəstiştkralarıma təyyarə hədiyyə etdim, onların mənə hədiyyəsi nə ola bilər? Əlbəttə ki, öz dəstəklərini bundan belə daha yüksək səviyyədə məndən əsirgəməmələrini onlardan rica edirəm".

Əvvəldə də qeyd etdiyimiz kimi, tədbir zamanı Elçin bəy şəxsi interet səhifəsini də KİV nümayəndələrinin müzakirəsinə təqdim etmişdi. "www.elchin-niel.com" ünvanını bizlərə təqdim edən müğənni bu addımı atmağına da peşman oldu. Gözdən iti olan qələm əhli yenə kifayət qədər əmma tapmaqda ustalıq nümayiş etdirdilər. İstəyirsinizsə, özünüz də həmin ünvana daxil olub, oradakı hərif səhvlərini görə bilərsiniz.

Bütün olub-bitənlərə normal münasibət göstərdiyini TrendLife-a söyləyən müğənni təqdimatdan razı qaldığını desə də, "Üçü birində" kəlamını özününküləşdirməsinə aydınlıq gətirməkdən vaz keçdi: "Elə bil təqdimatlarımda qalmaqalların baş verməsi alnıma yazılıb. Amma artıq buna vərdiş etmişəm. Media əhlinin suallarından çox razı qaldım. Yəqin, bir neçə günə saytımda olan bütün səhvlərə düzəliş verərik. Amma "Üçü birində" kəlamı barəsində bir söz deyə bilmərəm. Çünki mən sənətimi ön planda tamaşaçılarıma təqdim etməyi qarşıma məqsəd qoymuşam".

Nə deyirik, xeyirli olsun, ay Elçin!

Xəbər lenti

Xəbər lenti