...

"Azadlıq" qəzetinin baş redaktorunun həbsi ilə bağlı etiraz aksiyaları keçiriləcək

Cəmiyyət Materials 12 Noyabr 2007 11:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidovun həbs edilməsi ilə əlaqədar etiraz aksiyaları keçiriləcək, beynəlxalq qurumlara müraciətlər olunacaq. Bu barədə bazar ertəsi "Azadlıq" blokunun həmsədri Əli Əliyev məlumat verib.

"Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidov qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıqda ittiham olunaraq Bakının Yasamal rayon məhkəməsinin ötən gecə çıxardığı qərarla iki ay müddətinə həbs edilib.

Əli Əliyev bildirib ki, "Azadlıq" bloku jurnalistin həbsini təxribat hesab edir və Azərbaycanda söz-mətbuat azadlığının sıradan çıxarılması kimi qiymətləndirir. Blok jurnalistin azadlığa buraxılmasını tələb edən bəyanat yayıb.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı isə Trend ə açıqlamasında bildirib ki, Azərbaycanda söz və mətbuat azadlığı təmin olunub və qanunlar əsasında qorunur. YAP funksioneri hesab edir ki, hər hansı bir jurnalist cinayətdə ittiham olunaraq məsuliyyətə cəlb edilibsə, deməli, bu, qanun çərçivəsində həyata keçirilib: "Cinayət Məcəlləsində nəzərdə tutulan maddələr ölkənin bütün vətəndaşlarına, o cümlədən jurnalistlərə də aiddir. Jurnalistlər isə söz və mətbuat azadlığından sui-istifadə edib insanların şərəf və ləyaqətini alçaldan yazılar yazmamalı, qanunları pozmamalıdırlar"-deyə Qurbanlı

bildirib.

Noyabrın 7-də baş redaktor Vüsal Hüseynov adlı şəxs tərəfindən hücuma məruz qalmış, bununla bağlı tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına şikayət etmişdi. Lakin baş redaktor qarşı tərəfin şikayəti əsasında həbsə atılıb.

Əgər ittihamlar sübut olunarsa, baş relaktoru 3 ilə qədər həbsi gözləyir. Zahidovun vəkilləri Yasamal rayon məhkəməsinin həbs qərarından apellyasiya şikayəti verəcək.

Hazırda Zahidovla birlikdə Azərbaycanda səkkiz nəfər jurnalist həbsdədir.

Xəbər lenti

Xəbər lenti