...

Azərbaycan hökuməti azad mətbuata qarşı hər hansı basqını qəbul etmir- Parlamentin komissiya sədri

Cəmiyyət Materials 13 Noyabr 2007 17:53 (UTC +04:00)
Azərbaycan hökuməti azad mətbuata qarşı hər hansı basqını qəbul etmir- Parlamentin komissiya sədri

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/Azərbaycanda nəşr olunan qəzetlər və həmin qəzetlərdə dərc olunan yazılar onu göstərir ki, ölkədə söz və mətbuat azadlığı var və Azərbaycan demokratik cəmiyyət olduğundan, hökumət azad mətbuata qarşı hər hansı basqını qəbul etmir. Bu barədə çərşənbə axşamı Trend ə açıqlamasında Milli Məclisin İnsan hüquqları məsələləri daimi komissiyasının sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Rəbiyyət Aslanova bildirib.

"Azərbaycanda mətbuat azadlığı tam təmin olunub. Hər hansı qəzetin çap olunmasında heç bir maneə yoxdur. Eyni zamanda, müxalifət qəzetlərində yazan jurnalistlərə qarşı heç bir basqı yoxdur və onlar istədiklərini yazırlar. Həmin yazılarda kifayət qədər həqiqəti əks etdlirməyən və böhtan xarakterli yazılar olsa da, biz buna dözümlə yanaşırıq", -deyə komissiya sədri əlavə edib.

Azərbaycanın ilk müstəqil və demokratik qəzeti olan "Azadlıq" qəzetinin baş redaktoru Qənitəm Zahid noyabrın 11-də həbs olunub. Baş redaktor Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq cinayətlərində şübhəli bilinərək, Bakının Yasamal rayon məhkəməsinin qərarı ilə, 2 ay müddətinə həbs olunub.

Zahidin vəkilləri məhkəmənin qərarından apelyasiya şikayəti veriblər.

Baş redaktor saxlandığı müddətdə ona qarşı zorakılığa, insan ləyaqətini alçaldan kobud rəftara yol verilmədiyini, saxlanma şəraitindən, həmçinin, müəssisə əməkdaşlarının onunla rəftarından şikayətinin olmadığını bildirib.

İnsan hüquqlarının müdafiəsini həyata keçirən beynəlxalq təşkilatlar Zahidin həbsini pisləyən bəyanatla çıxış edib və bunu Azərbaycanda söz azadlığına təzyiq kimi qiymətləndiriblər.

ABŞ Dövlət Departamenti Zahidin həbsini mətbuata qarşı "məqsədli şəkildə həyata keçirilən təzyiq" adlandırıb. ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders baş redaktorun həbsindən narahat olduqlarını bildirib.

Azərbaycanda peşə fəaliyyəti ilə bağlı 8 jurnalist cəzalandırılıb. Onların əksəriyyəti təhqir və böhtan cinayətlərinə görə məhkum olunublar. Sonuncu həbs olunan jurnalist "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahiddir.

Zahidin qardaşı, "Azadlıq" qəzetinin əməkdaşı, satirik şair Mirzə Sakit ötən il satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama cinayətində təqsirli bilinərək, 3 il müddətinə məhkum olunub.

Aslanova, ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersin məsələ ilə bağlı bəyanatına münasibət bildirərkən qeyd edib ki, diplomat belə bir bəyanat verməklə həddindən artıq tələskənliyə yol verib: "Səfir bu işin mahiyyətini anlamadan və bilmədən belə bir bəyanat verməklə, həddindən artıq tələskənliyə yol verib".

Komissiya sədri vurğulayıb ki, Zahidovla bağlı məişət zəminində insident olub və həbs edilib: "Qənimət Zahidin heç bir hüquqi əlindən alınmayıb. Onun məhkəmə qərarından narazılığı varsa, Apellyasiya Məhkəməsinə müraciət etsin. Burada mətbuata hər hansı basqıdan söhbət gedə bilməz. Məişət, xuliqanlıq, bir-birini söymək və təhqir etmək zəminidə baş vermiş hadisənin mətbuata və jurnalist yazısına heç bir aidiyyatı yoxdur. Biz cəzasızlıq mühitində yaşamırıq. Biz qanunun aliliyinin qəbul olunduğu bir məkanda yaşayırıq. Başqa cür olsaydı, Azərbaycanı ittiham edərdilər ki, xuliqanlıq hərəkətinə lazımı reaksiya göstərməyib".

Onun fikrincə, beynəlxalq təşkilatların Azərbaycanda mətbuat azadlığının durumu ilə bağlı verdikləri bəyanatlar reallığa adekvat deyil. Komissiya sədri bildirib ki, hökumət mətbuat azadlığını boğmaq niyyətində deyil. Çünki Azərbaycan mətbuatı özünün təsdiq dövrünü yaşayır və çətinliklər olacaq, durulma prosesi gedəcək: "Bunun ətrafında ajiotaj yaratmaq lazım deyil. Bu hadisələrə dözümlə yanaşmaq lazımdır. Bunlar keçib gedəcək. Hakimiyyət bütün yazılara söz və mətbuat azadlığı kimi yanaşır. Hər bir insanın söz demək imkanı və hüququ var".

Xəbər lenti

Xəbər lenti