...

Azərbaycan mətbuatının üzləşdiyi problemlər bizi narahat edir - ABŞ səfiri

Cəmiyyət Materials 21 Noyabr 2007 18:46 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda söz və mətbuat azadlığı sahəsindəki vəziyyət, medianın problemləri, "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaycan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin və "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin həbsi ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi Mətbuat Şurasının İdarə Heyəti üzvləri ilə görüşündə müzakirə olunub. Bu barədə Mətbuat Şurasından məlumat verilib.

"Bu məsələlər bizi ciddi narahat edir", -deyə diplomat bildirib.

Azərbaycanda peşə fəaliyyəti ilə bağlı 9 jurnalist cəzalandırılıb və hazırda həbsdədirlər. Onların əksəriyyəti təhqir və böhtan cinayətlərinə görə məhkum olunublar. Sonuncu həbs olunan jurnalist "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahiddir.

Səfir Azərbaycanda internet resurslarının nəzarətdə saxlanacağı ilə əlaqədar gedən söhbətlərin də narahatlıq yaratdığını deyib. Dersi yaranmış vəziyyətin tənzimlənməsinə, Azərbaycan mediasının inkişafına ölkəsinin necə yardımçı ola biləcəyi ilə maraqlanıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, jurnalistlərin həbsi Mətbuat Şurasını da ciddi narahat edir: "Biz, ümumiyyətlə, media təmsilçilərinin sözə görə həbsinin tərəfdarı deyilik. Bununla yanaşı, vətəndaşların da şərəf və ləyaqətinin mediada alcaldırmasını yolverilməz hesab edirik. Şura həmin jurnalistlərin istisna hal kimi azadlığa buraxılmaları ilə əlaqədar. ölkə rəhbərliynə müraciətlər ünvanlayıb".

Görüşdə Azərbaycandakı söz və mətbuat azadlığının durumu, medianın problemləri, onların həlli yolları ətrafında müzakirə aparılıb.

Xəbər lenti

Xəbər lenti