...

"Müxalifət" qəzetinin həbsdə olan redaktoru aclığı dayandırıb

Cəmiyyət Materials 17 Dekabr 2007 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ "Müxalifət" qəzetinin həbsdə olan redaktoru cümə axşamı başladığı aclığı dayandırıb.

Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmət Baş İdarəsindin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Redaktor Yaşar Ağazadə dekabrın 13-də "Azadliq" qəzetinin baş redaktoru Qənimət Zahidə həmrəylik nümayiş etdirmək məqsədilə aclığa başlamışdı.

Zahid dekabrın 8-də jurnalistlərin və özünün həbsinə etiraz olaraq aclığa başlamışdı. 1 saylı İstintaq Təcridxanasının rəhbərliyinin Zahidlə apardığı söhbətdən sonra baş redaktor şənbə günü aclığı dayandırıb.

Penitensiar Xidmətdən bildirilib ki, Zahid aclığı dayandırandan sonra Ağazadə də aksiyanı dayandırıb.

"Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirli və redaktor Yaşar Ağazadə millət vəkili Cəlal Əliyevin xüsusi ittiham qaydasında şikayəti ilə Cinayət Məcəlləsinin ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma maddəsi ilə təqsirli bilinərək Yasamal rayon məhkəməsinin 16 aprel tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. "A.M.A.Y Əliyevlərin ticarət markası" adlı məqalədə AMAY Ticarət Mərkəzinin Cəlal Əliyev tərəfindən himayə olunması göstərilib.

Dekabrın 25-də Ali Məhkəmədə onların kassasiya şikayətinə baxılıb.

Xəbər lenti

Xəbər lenti