Azərbaycan, Bakı, 26 yanvar /müx. TrendLife Günel Əhmədova/
Şou-biznes haqqında ayrıca Qanun qəbul edilməyəcək. Bu, qəbul olunacaq Mədəniyyət haqqında Qanunla tənzimlənəcək. Bunu Trendlife-açıqlamasında Atatürk Mərkəzinin direktoru, millət vəkili Nizami Cəfərov deyib. Onun fikrincə, bu rəyə uzun müzakirələrdən sonra gəlinib: "Hətta mənim qəti fikrim bu idi ki, şou-biznes haqqında ayrıca Qanun qəbul etmək lazımdır. Geniş müzakirələr açdıq, fikirlərimizi söylədik. Amma son zamanlar belə bir qanun layihəsinin hazırlanmasından imtina etmişik. Çünki gördük ki, hələ proseslər gedir. Şou-biznes özü-özlüyündə incəsənətin bir sahəsidir. Dünyanın hər yerində şou-biznes var, bizdə də olmalıdır. Amma sənəti yüngülləşdirmək, bayağılaşdırmaq şəklində yox".
Millət vəkili hesab edir ki, şou-biznes sahəsində çoxsaylı maliyyə pozuntuları var və buna nəzarət olunmalıdır: "Dövlətin vergisi, demək olar ki, ödənilmir. Başqa bir tərəfdən, bizim televiziyalarımız bu şou-biznes təmsilçiləri ilə çox geniş ünsiyyətdədir.Prodakşnlarda filmlər çəkilir, burada da çox ciddi maliyyə məsələləri var. Şou-bizneslə məşğul olan insanlar ya dövlət strukturlarında işləyən vəzifəli adamların vəsaitindən istifadə edirlər, ya da onların vasitəsilə özlərinə yol açırlar. Onların arasında təyinatı və terminologiyası müəyyənləşməmiş münasibətlər var".
Cəfərovun fikrincə, bu sahəyə diqqət yetirmək lazım olsa da, bunu Qanunla tənzim etmək mümkün olmayacaq: "Bu məsələ ictimaiyyətin müzakirəsinə çıxarılmalı, ardıcıl müzakirə olunmalı, telekanallarda əsl sənət göstərilməlidir ki, müqayisələr aparıla bilsin. Biz şou-biznes haqqında ayrıca Qanun qəbul etməyəcəyik, amma "Mədəniyyət haqqında" Qanunda bu məsələyə geniş yer verəcəyik".