...

Azərbaycanın hüquq müdafiəçisi aclıq aksiyasına qoşulub

Cəmiyyət Materials 31 Mart 2008 12:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın hüquq müdafiəçisi həbsxanada aclıq aksiyasına başlayan "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə dəstək məqsədilə keçirilən aclıq aksiyasına qoşulub. "Söz Azadlığını Müdafiə Komitəsinin rəhbəri, hüquq müdafiəçisi Arzu Abdullayeva bu gün aclıq aksiyasına başlayıb", - deyə bazar ertəsi Trend ə açıqlamasında "Gündəlik Azərbaycan" qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu bildirib.

12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Fətullayev martın 26-dan həbsdə aclığa başlayıb. Baş redaktor işinə ədalətli və qərəzsiz baxılmasını, həbsdə olan həmkarlarının azadlığa çıxmasını tələb edir, Avropa Şurası və ATƏT-in siyasi məhbus məsələsində konkret müdafiə mexanizmləri ortaya qoymasını istəyir.

Fətullayevə dəstək məqsədilə "Yeni Müsavat" qəzetinin redaksiyasında "Gündəlik Azərbaycan" qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu, "Yeni Müsavat" qəzetinin redaktoru Zahid Səfəroğlu və qəzetin əməkdaşı Elşən Balaxanlı, "Bizim yol" qəzetinin əməkdaşı Natiq Cavadlı beş gündür aclıq aksiyası keçirirlər.

Aclıq edən Demokratik Gənclər Hərəkatının sədri Ağasif Şakiroğlu bazar günü aksiyanı dayandırıb.

Çobanoğlu qeyd edib ki, Arzu Abdullayeva ilə yanaşı, "Gündəlik Azərbaycan" qəzetinin əməkdaşı Aynur Elgünəş də aclıq aksiyasına başlayıb.

"Aclıq aksiyası keçirən Natiq Cavadlının vəziyyəti ağır olaraq qalır. Onun qan təzyiqi kəskin şəkildə aşağa düşüb. Aksiyanın digər iştirakçılarının da qan təzyiqi aşağa düşüb, halsızlıq müşahidə olunur, amma vəziyyətləri normaldır. Buna baxmayaraq, heç kim aclıq aksiyasını dayandırmaq niyyətində deyil", - deyə şef-redaktor əlavə edib.

Hüquq müdafiəçisi Abdullayeva bildirib ki, o və Elgünəş aclıq aksiyasını bir gün davam etdirəcək. Abdullayeva qeyd edib ki, bir necə gündən sonra yenidən bir günlük aclıq aksiyası keçirəcəklər: "Biz jurnalistlərin tələblərini dəstəkləyirik. Mətbuata təzyiqlər dayandırılmalı, siyasi məhbuslar azadlığa buraxılmalıdır".

Fətullayev Cinayət Məcəlləsinin terororçuluqla hədələmə (214.1-ci), qulluq möveyindən istifadə etməklə milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması (283.2.2-ci) və vergidən yayınma(213.2.2) maddələri ilə təqsirli bilinərək, məhkəmənin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilib.

Azərbaycanda peşə fəaliyyəti ilə bağlı 3 jurnalist- "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid, onun qardaşı, qəzetin əməkdaşı Mirzə Sakit və "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev həbsdədir.

Xəbər lenti

Xəbər lenti