Azərbaycan, Bakı, 02 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasında çıxış edən "Qarabağ" klubunun bu mövsüm heç bir titul qazanmamasının səbəbi yeni idman kompleksinin tikilməsi ilə əlaqədardır. "Binədə yeni idman kompleksi tikirik. Bütün diqqətimiz bu layihənin həyata keçməsinə yönəlib. Ona görə də "Qarabağ"ın Premyer-Liqada uğurlu çıxış edə bilməməsini problem saymırıq", cümə günü Trend a "Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl deyib.
Hazırda "Qarabağ" klubu Premyer-Liqada 33 xalla 6-cı pillədə yer alıb. Komandanın baş məşqçisi Türkiyədən olan Rasim Karadır.
Çəlikəl komandanın uğursuz çıxış etməsinə baxmayaraq, Kara ilə yollarını ayırmağı düşünmədiklərini deyib. "Qarabağ" klubu olaraq çempion olmaq istəyirik. Amma bu mövsüm istəyimizə çatmadıq. Bir neçə gündən sonra klub rəhbərliyinin baş məşqçi ilə görüşü olacaq. Yəqin ki, Kara komandada qalıb işini davam etdirəcək" - deyə baş direktor əlavə edib.
Karanın "Qarabağ"la müqaviləsi bu ayın sonlarında başa çatacaq. Klub rəhbərliyi ilə görüşdə müqavilənin uzadılması məsələsinə baxılacaq.
Türkiyəli məşqçinin Azərbaycanda işlədiyi ilk klub "Xəzər-Lənkəran" olub. O, əvvəllər Türkiyənin "Beşiktaş" klubunda baş məşqçi vəzifəsində çalışıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]