...

Bizi Azərbaycana qaytaran Heydər Əliyev oldu – Xuraman Qasımova

Cəmiyyət Materials 8 May 2008 13:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /müx. TrendLife Günel Əhmədova/

Heydər Əliyevin yubileyi ərəfəsində onunla bağlı xatirələrini TrendLife-la bölüşən xalq artisti Xuraman Qasımova ümummilli liderin hakimiyyətə qayıdışını xatırlayaraq bunları dedi:

"Məlumdur ki, Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər bir çox sənətkarlar Vətəni tərk etmişdilər. Onlar arasında Fidan və mən də olmuşam. Türkiyədən dəvət aldıq və məvacibin yüksək olması, eyni zamanda sənətimizə göstərilən yüksək diqqəti nəzərə alıb Türkiyəyə getdik. Uzun müddət orada yaşayıb, tələbələr yetişdirməklə məşğul olduq".

Xuraman Qasımovanın əlavəsinə görə, onların Bakıya qayıtması birbaşa Heydər Əliyevin təşəbbüsü ilə olub: "Türkiyədə olarkən telefon zəngi gəldi, dəstəyin o başında Heydər Əliyevin bizimlə danışmaq istədiyini öyrəndik. Artıq H.Əliyev respublikaya rəhbərlik edirdi. Hal-əhval tutandan sonra bizim Azərbaycana qayıtmağımızı istədi. Bildirdi ki, hər ikimiz Vətənə qayıdıb burada tələbələr yetişdirək. Onun məsləhəti ilə biz yenidən bura qayıtdıq və həmin vaxtdan Bakı Musiqi Akademiyasında tələbələr yetişdiririk. Eyni zamanda bir çox səfərlərdə ölkəmizi təmsil edirik".

Xuraman Qasımovanın fikrincə, Azərbaycanı tərk edən bir çox sənət adamlarının yenidən ölkəyə qayıtması ümummilli liderin onlara göstərdiyi diqqət və qayğı ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti