...

Azərbaycanda ömürlük azadlıqdan məhrum edilmiş vərəmli məhkumlar üçün şöbə açılıb

Cəmiyyət Materials 8 May 2008 15:47 (UTC +04:00)

Azərbaycan, Bakı,08 may / Trend , müxbir K. Zərbalıyeva/ Vərəmli məhkumlar üçün ixtisaslaşdırılmış 3 saylı Müalicə Müəssisəsində ömürlük azadlıqdan məhrum edilmiş vərəmli məhkumlar üçün şöbə açılıb.

20 yerlik şöbədə vərəmin ağır formasına yoluxmuş ömürlük azadlıqdan məhrum edilmiş məhkumlar müalicə olunacaqlar. Şöbədəki palatalar iki nəfərə nəzərdə tutulub.

Palatalar daimi isti və soyuq su, istilik sistemi ilə təchiz olunub. Şöbədə ventilyasiya sistemi quraşdırılıb.

Müəssisə rəhbərliyi bildirib ki, hazırda müəssisəsdə Qobustan qapalı həbsxanasında cəza çəkən 22 məhkum müalicə olunur.

Vərəmli məhkumlar üçün ixtisaslaşdırılmış Müalicə Müəssisəsində ümumilikdə 900-dən artıq vərəmli məhkum müalicə olunur.

Onlardan 414 nəfəri birinci sıra vərəm əleyhinə olan dərman pereparatları ilə (MDR) müalicə olunanlar, 75 nəfəri isə rezistent (XDR) xəstələrdir.

Müəssisədə müalicə olunan məhkumlar rübdə bir dəfə hərtərəfli tibbi müayinədən keçirilir. Müayinənin nəticəsindən asılı olaraq, məhkum ya yenidən müalicəyə cəlb olunur, sağalıbsa, cəza çəkdikləri müəssisəyə köçürülür.

Şöbənin açılışında iştirak edən Ədliyyə Nazirliyinin Səhiyyə Baş İdarəsinin rəisi Rəfael Mehdiyev jurnalistlərə açıqlamasında bildirib ki, istintaq təcridxanalarına və cəzaçəkmə müəssisələrinə gələn hər bir məhkum müayinədən keçirilir. Vərəm xəstəliyi aşkarlanmış məhkumlar müalicə üçün 3 saylı müəssisəyə köçürülürlər.

Xəstə məhkumlar DOTS Proqramı üzrə 9 aylıq müalicə kursu keçirlər. İdarə rəisininn sözlərinə görə, müalicəyə cəlb olunmuş məhkumların 18 faizi istintaq təcridxanalarında saxlanılan şəxslərdir. Bu isə məhkum olunmuş şəxslərin böyük qisminin həbs olunmazdan öncə vərəmə yoluxduğunu göstərir.

Mehdiyev bildirib ki, rezisten xəstələrin böyük əksəriyyəti HİV-ə yoluxanlardır və həmin məhkumların böyük qismi narkomandır.

1995-ci ildə Ədliyyə Nazirliyi ilə Beynəlxalq Qırmızı Xac Komitəsi arasında əldə olunmuş razılıqdan sonra, Penitensiar Xidmətdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi DOTS Proqramı üzrə vərəmin müalicəsinə başlanılıb. Həmin ildən 2005-ci ilədək BQXK Ədliyyə Nazirliyini fasiləsiz olaraq 1-ci sıra vərəm əleyhinə dərmanları və laboratoriya reaktivləri ilə təmin edib.

Ötən ilin aprelində müəssisədə DOTS+ Proqramı çərçivəsində, rezistent xəstələrin müalicəsinə başlanılıb. Həmin məhkumların bir aylıq dərmanlarına 200 dollar məbləğində vəsait xərclənir.

Avropada və Cənubi Qafqazda bu müəssisənin yeganə olduğunu vurğulayan Mehdiyev bildirib ki, Azərbaycanda yalnız Penitensiar Xidmətdə vərəm xəstəliyinin belə geniş miqyasda müalicəsi aparılır.

Görülən tədbirlər nəticəsində məhkumlar arasında vərəmdən ölümün səviyyəsi, 1995-ci ildə 16 faiz təşkil etdiyi halda, 2006-cı ildə 5 faizə düşüb.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, Bakı şəhərində MDR vərəm səviyyəsi yüksəkdir. Buna səbəb isə, vərəm əleyhinə dərmanların qeyri-düzgün təyinatı, 1-ci və 2-ci sıra dərmanların satışına nəzarətin olmamasıdır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti