Azərbaycan, Bakı, 13 may /müx.TrendLife Şahin Cavadsoy/
Müğənnilər arasında toy mövzusu yenidən gündəmə gəlir. Baxmayaraq ki, may ayında o qədər də toy olmur, amma sənətçilər əsas gəlir yerlərindən məhrum ola biləcəklərini heç düşünmək belə istəmirlər.
Müğənni Coşqun Viləş: "Azərbaycanda şou-biznes, ancaq toy məclislərinin üzərində qurulub. Hansısa həmkarım deyir ki, toyda müğənni peşəkarlığını artırmır, bu ağ yalandır. Çünki, toy-məclisləri indiki zamanda əsl sənət meydanına çerilib. Digər tərəfdən isə sənətçilərin el şənliklərində özlərini necə aparmaları da böyük önəm daşıyır. Əgər sənətçi hərəkətlərinə fikir verməsə, özünü müəyyən mənada düzgün aparmasa, bu onun üçün problem yarada bilər. Etiraf edirəm ki, çörəyim toy-düyünlərdən çıxır. Bu səbədən də bacardığım qədər tədbirli olmağa çalışıram".
Müğənni Əkbər : "Toy olsun, bayram olsun, həyat firəvan olsun". Nədənsə toy haqqında suallara cavab verərkən, həmişə dillər əzbəri olan "Toy" mahnısının bu sözləri yadıma düşür. Məncə, toyda müğənni peşəkarlığını artırmır. El- şənlikləri sadəcə sənətçilərin gəlir mənbəyidir, vəssalam. Amma indiki şou-biznesdə fəaliyyət göstərən müğənnilərin populyarlığı, toylarda iştirak etməsi ilə sıralanır. Bu düzgün qiymət deyil. Qoy sənətçilərimiz özlərinin nömrəbirliklərini konsert salonlarının arenalarında nümayiş etdirsinlər.
Kərim : - Toy mərasimləri elimizin gözəl adətlərindən biridir. Bunun harası pisdir ki, sənətçi öz istedadını bu məclislərdə göstərməsin? Şəxsən öz adımdan deyə bilərəm ki, ayın bir neçə gününü toy-düyünlərdə keçirir və əsas gəlirimi toylardan qazanıram. Müğənni həmkarlarımın "toya getməyək!" çağırışlarını eşidəndə, adamı lap gülmək tutur. Qəribəsi orasındadır ki, məhz belə çağırışlar edən sənətçilərin özləri toy meydanlarından çıxmırlar. Odur ki, yalandan danışan müğənnilərə qulaq asmamağınız məsləhətdir".