Azərbaycan, Bakı, 15 may / Trend , müxbir S.Ağayeva / YUNESKO-nun baş direktoru Koitiro Matsuura ümid edir ki, yaxın zamanlarda İçəri Şəhərin adı təhlükə altında olan mədəni irs siyahısından çıxarılacaq. Bu haqda jurnalistlərə Matsuura cümə axşamı Bakıda bildirib.
İçəri Şəhər (Köhnə şəhər) təhlükə altında olan mədəni irs obyekti kimi 2007-ci ildə YUNESKO-nun siyahısına salınıb.
"Bu ərazidə tarixi və mədəni abidələrin yaxınlığında yeni binaların inşası tarixi abidələr üçün böyük təhlükə yaradır və onların mühafizəsi zəruri edir", - baş direktor əlavə edib.
Matsuuranın fikrincə, İçəri Şəhər ərazisində yeni binaların tikintisinin dayandırılması və tarixi-mədəni obyektin kompleksli idarə olunmasına ehtiyac var. "Yalnız bu yolla mədəni irsin qorunması mümkün ola bilər", - YUNESKO-nun baş direktor bildirib.
YUNESKO 1972-ci ildə ümumdünya mədəni və təbii irsin qorunması haqqında Konvensiyanı qəbul edib. Konvensiyaya görə, "Ümumdünya irs" siyahısına bəşəriyyət üçün önəm kəsb edən mədəni və təbii dəyərlər daxil edilib. Siyahıda 830 obyektin adı qeyd olunub.