...

"Arc music" şirkəti Azərbaycan musiqiçi ilə maraqlanır

Cəmiyyət Materials 15 May 2008 15:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /müx. TrendLife Günel Əhmədova

Londonda fəaliyyət göstərən "ARC Music" şirkəti Azərbaycan musiqisi ilə yaxından maraqlanır. Hələ ötən il Londonda keçirilən tədbirlərin birində musiqili proqramla çıxış edən "Muğam müsabiqəsi-2006"nın finalçılarından Qoçaq Əsgərov sözügedən şirkət nümayəndələrinin diqqət mərkəzində olub.

YUNESKO-nun eksperti,musiqişünas, alim Sənubər Bağırovanın təşəbbüsü ilə konsertdən sonra Q.Əsgərovun yaradıcılığı ilə yaxından tanış olan "ARC Music"çilərdən həmyerlilərimizə təklif gəlib. Aylarla davam edən əməkdaşlıq bu günlərdə bəhrəsini verib.

Azərbaycan Milli Konservatoriyasının IV kurs tələbəsi olan və Xalq artisti Arif Babayevdən dərs alan Qoçaq Əsgərovun TrendLife-a xatırlatmasına görə, sözügedən şirkətin fəaliyyət çevrəsi genişdir. Hələ Azərbaycan musiqisi ilə tanışlıqdan öncə 100-ə yaxın ölkənin folklor inciləri şirkət təsmilərinin layihələrində əks olunub. Hətta ermənilər böyük iddia ilə mənimsəməyə çalışdığı Azərbaycanın balaban və bir neçə milli alətləri şirkətin buraxdığı kataloqda onların adına qeyd olunub. Odlar Yurdunun folkloru ilə tanışlıqdan sonra "ARC Music" alətlər barədə dolğun və doğru informasiyaya yiyələnirlər.

Hələ 14 il öncə şirkətin xanəndə Zülfiyyə Məmmədova ilə başladığı əməkdaşlıq nəticəsində "The music of the Azerbaijan" adlı toplu meydana çıxıb. Burada eyni zamanda tar, kamança, kanon, nağara, qarmonun solo və birgə ifasına yer ayrılıb və barələrində geniş informasiya verilib. Əməkdaşlığı Qoçaq Əsgərovla təzələyən şirkət nümayəndələrinin təşəbbüsü ilə bu günlərdə buraxılan albom "Music from Azerbaijan" adlanır. "Sarı gəlin" ansamblının müşayiəti və Qoçaq Əsgərovun ifasında topluya "Mirzə-hüseyn" segahı, "Qaragilə" , Heydərbaba" xalq mahnıları, "Şüştər" təsnifi və "Şüştər" rəngi, eyni zamanda zərb muğamı "Simayi-Şəms" daxil edilib. Toplunu maraqlandıran məqamlardan biri də yazılı məlumtalardır. Diskə kitabça şəklində əlavə olunan yazılar öncə Azərbaycanın ərazi bütövlüyü, onun keçmişi və bu günü haqqındadır. Növbəti səhifələrdə musiqiçilər və muğamlar haqqında və onların adları yazılıb. Şirkət təmsilçiləri "Sarı gəlin" ansamblında fəaliyyət göstərən musiqiçilərdən də söz salıb. Qoçaq Əsgərovla başlayan açıqlamalar, daha sonra nağara ifaçısı Kamran Kərimov, balaban ifaçısı Şirzad Fətəliyev, tarzən Əliağa Sədiyev və kamança ifaçısı Elşən Mansurovla davam etdirilib. Onların timsalında alətlər və onların imkanları barədə geniş infomrasiya dərc olunub.

"Sarı gəlini" layihə şəklində dünyaya çatdırmaq iddasında olan Qoçaq Əsgərov bildirdi ki, xalq mahnısı barəsində geniş informasiyaya malik olan "ARC Music"çilər tarixə istinadla barəsində yazı dərc edib və topluya daxil ediblər. Eyni zamanda diskdə yer alan musiqi nömrələri barəsində də nəşrdə məlumtalar yazılıb.

Layihəni maraqlı edən məqamlardan biri barəsində danışan Qoçaq Əsgərov sonra qeyd etdi ki, diskin ikincidivarına Azərbaycanın xəritəsi əks olunub. Xatırladaq ki, haqqında danışdığımız disk Avstraliyanın səsyazma studiyalarının birində buraxılıb.

Xəbər lenti

Xəbər lenti