Azərbaycan, Bakı, 23 may / Trend , müxbir C.Babayeva/ Azərbaycan hökuməti əhaliyə verilən içməli suyun keyfiyyətini artırmaq məqsədilə xüsusi strategiyanın həyata keçirməsinə başlayb. "Həyata keçirilən strategiyaya əsasən, Azərbaycan Ermənistan və Gürcüstan ərazisində çirkləndirilən transərhəd Kür çayını tam təmizləyə və özünün su təhlükəsizliyini təmin edə biləcək", cümə günü Bakıda jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.
Trend -un arayışı: Kür çayı hövzəsinə Ermənistan ərazisindən ildə orta hesabla 350 mln. kubmetr, Gürcüstan ərazisindən isə ildə orta hesabla 330 mln. kubmetr çirklənmiş su axıdılır və bunun nəticəsində Kür çayının ağır metallar, fenollar, neft məhsulları və s. zərərli maddələrlə həddən artıq çirklənməsi müşahidə edilir. Azərbaycan əhalisinin 70 faizə yaxını Kür çayından içməli su kimi istifadə edir.
Nazirin sözlərinə görə, Gürcüstan və Ermənistan sərhədində fəaliyyət göstərən iki laboratoriya Kürün suyunun təkribi ilə bağlı on gündən bir bülleten hazırlayır. Bundan başqa, prezidentin "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" sərəncamına əsasən, böyük bir proqramın icrasına başlanılıb.
"Kür və Araz çaylarının suyundan istifadə edən 50 yaşayış məntəqəsində beynəlxalq standartlara cavab verən su təmizləyici qurğular quraşdırılıb və 55 min insan artıq təmiz sudan istifadə edir" - deyə nazir bildirib.
Onun bildirdiyinə görə, ilin axırınadək daha 112 min insanı əhatə edəcək 50 yaşayış məntəqəsində yeni su təmizləyici qurğuların quraşdırılması başa çatacaq.
"Yeni təmizləyici qurğuların quraşdırılması üzrə tender prosesi yekunlaşmaq üzrədir. Tenderə Amerika, Kanada, İsrail, Türkiyə, Yaponiya şirkətləri böyük maraq göstərir. Onlar ən müasir texnologiyalar təklif edirlər. Yaxın 2 il müddətində daha 470 min insanı əhatə edən proqram başa çatandan sonra, gələcəkdə 700 min insanın istifadə etdiyi su Kür çayının suyundan daha keyfiyyətli olacaq", Bağırov əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]