Azərbaycan, Bakı, 3 iyun /müx. TrendLife Günel Əhmədova
Xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımova ilə birlikdə səfərə hazırlaşır. Xanəndənin TrendLife-a bildirdiyin görə, musiqiçi qrupu ilə birlikdə iyunun 7-də Sinqapura yola düşəcəklər. Həmin ayın 13-dək davam edəcək səfər proqramı olduqca zəngindir. Hər iki ifaçının ilk konsert proqramı iyunun 9-də keçiriləcək. Növbəti gün azərbaycanlı musiqiçilərlə bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub. Bura yerli tele-kanlalara müsahibələr, musiqiçilərlə müzakirələr və s. daxildir. İyunun 12-də isə xanəndələrin növbəti və proqram çərçivəsində nəzərdə tutulan sonuncu konsert layihələri həllini tapacaq.
Alim Qasımovun əlavəsinə görə, iyunun 13-də onlar Sinqapurdan Londona yol alacaqlar. Bu dəfə Alim Qasımov və qızı Fərqanə Qasımova ilə birlikdə dəvət aldıqları layihədə təmsil olunacaqlar:
"Dəvəti dünyaca tanınmış "Krunosov" kvartetindən almışıq. Onların təklifi çox maraqlıdır. İnanıram ki, birgə yaradıcılığımızın səsi nəinki Londonla Azərbaycandan, bir çox ölkələrdən eşidiləcək".
Alim Qasımovun sözünün davamında aydın oldu ki, iyunun 13-dən 24-ə kimi davam edəcək London səfərində xanəndələrin qrupla birlikdə səsləri lentə yazılacaq. Bir neçə kompazisiyanı əhatə edəcək musiqi nömrələri tezliklə diskə köçürüləcək. A.Qasımovun məlumatına görə, diskin satışı dünyanın 20 müxtəlif ölkəsində nəzərdə tutulub.
İyul ayının ortalarında isə Alim Qasımovun Yaponiyaya səfəri gözlənilir. Bu dəfə də o, səhnəni qızı ilə birlikdə bölüşəcək. İki günlük konsert proqramının ayrı-ayrı konsert məkanlarında keçirilməsi planlaşdırılıb. Xanəndənin məlumatına görə, sözügedən konsert proqramlarında onları tarda Ələsgər Məmmədov, kamançada Rauf İslamov müşayiət edəcəklər.