...

Londonda "Azərbaycan: keçmişi, bu günü, gələcəyi" adlı sərgi açılıb

Cəmiyyət Materials 5 İyun 2008 01:08 (UTC +04:00)
Londonda "Azərbaycan: keçmişi, bu günü, gələcəyi" adlı sərgi açılıb

Böyük Britaniya, London, 5 iyun / Trend  müxbir G.Əhmədova/ Britaniyada fəaliyyət göstərən "Odlar Yurdu" təşkilatının London Universitetinin nüfuzlu Şərq və Afrika Tədqiqatları İnstitutunda (SOAS) təşkil etdiyi "Azərbaycan: keçmişi, bu günü, gələcəyi" adlı sərgi öz işinə başlayib. Sərgi Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə keçirilir. Açılış mərasimində diplomatik korpusun üzvləri, universitetin müəllim-tələbə heyəti, Britaniya tədqiqat mərkəzlərinin və akademik dairələrinin nümayəndələri iştirak ediblər.

Sərginin keçirildiyi salonda ölkəmizin qədim və yeni tarixi, mədəniyyəti, incəsənəti, iqtisadiyyatı ilə bağlı məlumat və fotoşəkillərdən ibarət stendlər yerləşdirilib. Bundan əlavə sərgidə məlumatları özündə əks etdirən xüsusi kataloq yer alıb. Erməni təcavüzünü və Qarabağın tarixini əks etdirən xüsusi stendlər də hazırlanıb.

Mərasimdə ilk öncə ölkəmiz haqqında hazırlanmış xüsusi video süjet göstərilib, daha sonra isə səfir F.Qurbanov çıxış edib. Çıxışında səfir Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, müasir dövrdə həyata keçirilən siyasi kurs haqqında məlumat verib. Qeyd edib ki, keçirilən sərgi ölkəmiz haqqında həqiqətlərin Qərb ictimaiyyətinə çatdırılmasında əvəzsiz rol oynayacaq.

Qeyd edək ki, sərgi bir ay müddətində davam edəcəkdir. Bu, SOAS kimi nüfuzlu elmi-tədqiqat və ali tədris ocağında keçirilən ilk belə tədbirdir.

Xəbər lenti

Xəbər lenti