...

Azərbaycanın İctimai Televiziyasının bütün ölkə ərazisində yayımı yaxın vaxtlarda mümkün olacaq

Cəmiyyət Materials 11 Avqust 2008 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 avqust / Trend , müxbir E.Babayev/ Azərbaycanın İctimai Televiziyasının (İTV) bütün ölkə ərazisində yayımı yaxın vaxtlarda mümkün olacaq.

"Prezidentin Ehtiyat Fondundan ölkədə yayımla bağlı problemlərin həlli üçün 2,5 milyon manat vəsait ayrılıb. Bunun nəticəsində yaxın vaxtlarda yayım coğrafiyamız genişlənəcək", - bazar ertəsi Trend -a İTV-nin baş direktoru İsmayıl Ömərov bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkiləri oktyabrın 15 - də keçiriləcək. Bu il iyunun 2 - də Milli Məclisdə Seçki Məcəlləsinə edilən dəyişikliklər nəticəsində namizədlərə ayrılacaq pulsuz efir vaxtını yayımlamaq hüququ dövlət televiziyasından (AzTV) alınaraq İTV-yə verilib. Bu addım prezidentliyə iddialıların bəzilərində narazılıq yaradıb. Onlar bildirirlər ki, İTV heç də ölkənin bütün ərazisində yayımlanmır və bu, müəyyən problemlər yaradacaq.

Azərbaycanda yalnız Az.TV bütün ölkə ərazisində yayımlanır. Özəl kanalların yayım faizi 70 -75 faiz təşkil edir.

Ömərov deyib ki, yaymıla bağlı suallara, əslində, Teleradio İstehsalat Birliyi cavab verməlidir. "Biz onlara aylıq məbləğ ödəyirik və bu, heç də az məbləğ deyil. Teleradio İstehsalat Birliyi İTV-nin yerüstü ötürücülərlə yayımını yüksək səviyyədə həyata keçirməyə borcludur və ümumi götürdükdə hazırda biz onlardan narazı deyilik" - deyən Ömərov bəzi prezidentliyə iddialı şəxslərin yayımın coğrafiyasından narazılıqlarını belə şərh edib.

"Dünyanın heç bir ölkəsində 100 faizlik yerüstü yayımlama qaydası həyata keçirilmir. Qanunlarda belə bu, 98 faiz göstərilir. Yəni elə kəndlər, qəsəbələr ola bilər ki, onlar dağlıq ərazilərdə yerləşir və orada yayımı təmin etmək üçün başqa üsullar həyata keçirilir. Biz bir milli kanal kimi maraqlıyıq ki, bütün verilişlərimizi əhalının böyük əksəriyyəti izləsin. Bizə Teleradio İstehsalat Birliyindən verilən məlumata görə, İTV-nin yayım coğrafiyası 80-85 faizdir. Yayım, əsasən, müəyyən dağlıq ərazilərdə mümkün olmur. Onu da bildirim ki, biz peyklə də efirə çıxırıq. ABŞ və Avstraliya istisna olmaqla, digər ölkələr bizi izləyə bilir",- deyə o əlavə edib

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti