...

Azərbaycan idmançıları Pekin Olimpiadasında daha çox qızıl medal qazana bilərdilər - MOK-un vitse prezidenti

Cəmiyyət Materials 25 Avqust 2008 12:48 (UTC +04:00)
Azərbaycan idmançıları Pekin Olimpiadasında daha çox qızıl medal qazana bilərdilər - MOK-un vitse prezidenti

Azərbaycan, Bakı, 25 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanın Milli Olimpiya Komitəsi hesab edir ki, Pekin Olimpiadasında çıxış edən azərbaycanlı idmançılar daha çox qızıl medal qazana bilərdilər.

"Ümumilikdə, Pekin Olimpiadasındakı çıxışımızı yüksək qiymətləndirmək olar. Amma idmançılarımızın potensialını nəzərə alıb demək olar ki, biz Olimpiadada daha çox sayda qızıl medal əldə edə bilərdik", bazar ertəsi Trend -a Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Xəzər İsayev bildirib.

Trend -un arayışı: Pekin Olimpiadasında iştirak edən azərbaycanlı idmançılar bir qızıl, iki gümüş, dörd bürünc medal qazanıblar. Qızıl medalı cüdoçu Elnur Məmmədli, gümüş medalları isə yunan-roma güləşçiləri Vitali Rəhimovla Rövşən Bayramov Azərbaycanın hesabına yazdırıb. Azərbaycan bürünc medalları cüdo (Mövlud Mirəliyev), boks (Şahin İmranov) və güləşdə (Xetaq Qazyumov, Mariya Stadnik) qazanıb.

Olimpiadanın yekunlarına görə, Azərbaycan medal sayında iştirakçılar arasında 39-cu yeri tutub.

Pekin Olimpiadasında qızıl medalların sayına görə Çin birinci yeri tutub (51 qızıl, 21 gümüş 28 bürünc medal). ABŞ ikinci (36 qızıl, 38 gümüş, 36 bürünc medal), Rusiya isə üçüncü (23 qızıl, 21 gümüş, 28 bürünc medal) olub.

MOK rəsmisi bildirib ki, güləşdə iki gümüş və iki bürünc medalın əldə olunmasına baxmayaraq, azərbaycanlı güləşçilərin daha böyük uğura imza atacaqları proqnozlaşdırılırdı. "Güləşçilərimiz dörd medal qazanmaqla uğurlu çıxış etdilər. Amma açığı, biz, güləşdə qızıl medal əldə edəcəyimizi də gözləyirdik", - deyə İsayev əlavə edib.

MOK-un vitse-prezidenti deyib ki, Pekin Olimpiadasında iştirak edən gimnastlar uğurlu çıxış etməklə çoxlarını təəccübləndirib: "Bu idman növündə Olimpiadada ilk dəfə təmsil olunmağımıza baxmayaraq, gimnastlarımız çox yaxşı təsir bağışladılar. Xüsusilə də qrup komandamızın finala vəsiqə qazanması qeyd olunmalıdır".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti