...

Avropa Şurası Azərbaycan hökumətini prezident seçkiləri dövründə mətbuatın vəziyyətinin yaxşılaşdırılması üçün addımlar atmağa cağırır

Cəmiyyət Materials 26 Avqust 2008 12:53 (UTC +04:00)
Avropa Şurası Azərbaycan hökumətini prezident seçkiləri dövründə mətbuatın vəziyyətinin yaxşılaşdırılması üçün addımlar atmağa cağırır

Azərbaycan, Bakı, 26 avqust / Trend , müxbir İ.Əlizadə/ Avropa Şurası Baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek hesab edir ki, Azərbaycanda prezident seçkiləri dövründə mətbuatın vəziyyətinin yaxşılaşdırılması üçün addımlar atılmalıdır. "Prosesi təhlil etsək, məlum olar ki, seçki öncəsi gərginlik bir qədər artıb",- deyə çərşənbə axşamı jurnalistlərə açıqlamasında Kotek bildirib.

Trend -un arayışı: Azərbaycanda üç jurnalist həbsdədir. "Azadlıq" qəzetinin əməkdaşı Mirzə Sakit üç il, həmin qəzetin baş redaktoru Qənimət Zahid dörd il, "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetinin təsisçiçi və baş redaktoru Eynulla Fətullayev səkkiz il altı ay azadlıqdan məhrum edilib.

O qeyd edib ki, seçki günü yaxınlaşdıqca cəmiyyətdə olan gərginlik artacaq. Xüsusi nümayəndə vurğulayıb ki, seçki dövründə jurnalistlərin daha məsuliyyətli olması vacibdir.

Kotek hesab edir ki, hər bir ölkədə vəziyyətin yaxşılaşması üçün imkanlar olur və bundan istifadə etmək lazımdır: "Ona görə də mövcud olan vəziyyət təhlil olunmalıdır ki, onun yaxşılaşdırılmasına çalışa bilək".

Onun sözlərinə görə, Avropa Şurası seçki dövründə mətbuat və jurnalistlər üçün yaxşı şəraitin yaradılmasını prioritet sahələr kimi görür. Eyni zamanda, dövlət orqanları, Mərkəzi Seçki Komissiyası və digər seçki komissiyaları üzvlərinin təlimatlandırılmasını vacib hesab edir: "Bizim həyata keçirdiyimiz fəaliyyət Azərbaycan hökuməti ilə birgə hazırlanıb. Ona görə də bu təkcə bizim deyil, Azərbaycan hökuməti ilə birgə həyata keçirilən prioritetlərdir", - deyə Kotek bildirib.

Azərbaycan prezidenti İlham Əliyev iyulda kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, qəzet və informasiya agentliklərinin hər birinə beş min manat məbləğində yardım göstəriləcək. Siyahıda səkkiz informasiya agentliyi və 30 qəzet var. Maliyyə Nazirliyinə vəsaitlərin verilməsini təmin etmək tapşırılıb.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti