Azərbaycan, Bakı, 05 noyabr/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının keçmiş baş məşqçisi Vaqif Sadıqov hesab edir ki, Rusiyada işləmək çox çətindir.
"Qış fasiləsinə kimi Azərbaycanın hansısa klubundan təklif gəlməsə, xaricə getməli olacağam. Baş məşqçi kimi işləmək istədiyim ölkələrin sırasında Rusiya yoxdur. Çünki Rusiyada işləmək çox çətindir", - cərşənbə günü Trend -a Sadıqov deyib.
Sadıqov fasilələrlə üç dəfə Azərbaycan yığmasının baş məşqçisi olub. O, son iki ildə Sumqayıtın "Gənclərbirliyi" klubunda vitse-prezident kimi fəaliyyət göstərib.
Məşqçi bildirib ki, o, daha çox Rumıniya, Ukrayna, Latviya və Litva kimi ölkələrdə baş məşqçi kimi fəaliyyət göstərmək istəyir.
"Hazırda menecerim müxtəlif klublarla danışıqlar aparır. İşləmək istədiyim ölkələr Ukrayna, Rumıniya, Latviya və Litva kimi ölkələrdir", - deyə Sadıqov əlavə edib.
Yığmanın keçmiş baş məşqçisi bəzi problemlərin olduğunu bildirib.
"Bəzi problemlər var ki, bunlar daha çox şəxsi məsələlərlə bağlıdır. Amma uzun müddət işsiz qalmaq istəmirəm. Hansısa klubdan real təklif olmasını gözləyirəm", - o deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]