...

Azərbaycan Konstitusiya Məhkəməsinin sədri prezidentin səlahiyyət müddəti ilə bağlı məsələnin referenduma çıxarılmasını istisna etmir

Cəmiyyət Materials 13 Noyabr 2008 10:50 (UTC +04:00)
Azərbaycan Konstitusiya Məhkəməsinin sədri prezidentin səlahiyyət müddəti ilə bağlı məsələnin referenduma çıxarılmasını istisna etmir

Azərbaycan, Bakı, 13 noyabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Konstitusiyada prezidentin səlahiyyət müddəti ilə bağlı maddənin dəyişdirilməsi barədə məsələnin referenduma çıxarılmasını istisna etmir.

"Azərbaycanda demokratik cəmiyyət formalaşır və ayrı - ayrı fikirlərin, təşəbbüslərin, o cümlədən dövlət institutlarının fəaliyyət prinsipləri ilə bağlı yeni yanaşmalar və rəylərin səslənməsi vətəndaş cəmiyyətinin ayrılmaz amili olan söz və fikir azadlığının tərkib hissəsidir", - cümə axşamı Trend -a eksklüziv müsahibəsində Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib.

Trend - un arayışı: Azərbaycan Konstitusiyasının 101 - ci maddəsinin 5 - ci bəndinə əsasən, heç kəs iki dəfədən artıq təkrarən prezident seçilə bilməz. Prezidentin səlahiyyət müddəti beş ildir.

Rusiyanın dövlət başçısı Dmitri Medvedyev ötən həftə Federal Şuraya ilk müraciətində prezidentin səlahiyyət müddətinin dörd ildən altı ilə, parlamentin səlahiyyət müddətinin dörd ildən beş ilə qədər artırılmasını təklif edib. Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycanda da prezidentin səlahiyyət müddətinin artırılmasına və bir nəfərin iki dəfədən artıq prezident seçilməsi qadağasının ləğv olunmasına ehtiyac var.

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) bir şəxsin iki dəfədən artıq ölkə prezidenti seçilməsini qadağan edən maddənin Konstitusiyadan çıxarılması üçün referendum keçirilməsini təklif edir.

"Konstitusiyanın bir şəxsin iki dəfədən artıq prezident seçilməsini qadağan edən maddəsi demokratik prinsiplərə uyğun deyil və demokratiyanı məhdudlaşdırır", - ötən cümə axşamı Trend - a YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib. YAP rəsmisi hesab edir ki, Konstitusiyada belə bir limit ola bilməz. "Konstitusiya bir şəxsə, necə dəfə istəsə, deputat seçilməyə icazə verir. Lakin prezident seçilməyə limit tətbiq olunub. Hesab edirik ki, Konstitusiyada belə bir məhdudiyyət tətbiq etmək olmaz. Ona görə də, Konstitusiyada dəyişikliyə ehtiyac var və biz belə bir təşəbbüslə çıxış edəcəyik", - deyə Novruzov əlavə edib.

Abdullayev qeyd edib ki, Azərbaycan Konstitusiyasının müddəalarına əsasən, Konstitusiyanın mətnində dəyişikliklər yalnız referendumla qəbul oluna bilər. "Həmin dəyişiklikləri Milli Məclis və ya prezident təklif etdikdə, həmin dəyişikliklərə dair əvvəlcədən Konstitusiya Məhkəməsinin rəyi alınır", - deyə sədr bildirib.

Abdullayev hesab edir ki, bu məsələ üzrə müzakirələrin aparılmasına təbii və normal yanaşmaq lazımdır.

Konstitusiyanın bu normalarını əsas götürən Abdullayev səslənən təkliflərlə bağlı rəyini ifadə etməkdən çəkinib. Sədr hesab edir ki, müəyyən dərəcədə subyektiv rəyi ilə bu və ya digər hüquqi məsələyə dair məhkəmənin möqeyini məhdudlaşdıra bilər.

"Hər bir məhkəmənin, o cümlədən, Konstitusiya Məhkəməsinin əsas məqsədlərindən biri subyektivliyi obyektivliklə əvəz etməkdən ibarətdir. Millət vəkili, siyasi partiyanın nümayəndəsi, elm xadimləri hər hansı məsələ üzrə öz təklif və fikirlərini səsləndirməkdə daha sərbəstdirlər. Hakimin fikri və rəyi qəbul etdiyi qərarında öz əksini tapmalıdır", - deyə sədr bildirib.

Abdullayev Konstitusiyada proporsional seçki sistemini nəzərdə tutan maddənin yer alması ilə bağlı dəyişikliyin edilməsini də istisna etmir.

"Hər bir dəyişiklik zamanın tələbidir və Konstitusiya dinamik sənəd olaraq, yeni hüquqi tendensiyaları öz mətnində əks etdirməlidir", - deyə Abdullayev bildirib.

Sədr hesab edir ki, Konstitusiyaya dəyişikliklərlə bağlı hər bir təklif əsaslandırılmalıdır və belə təkliflər diqqət və məsuliyyətli yanaşma tələb edir.

Trend - un arayışı: Azərbaycanın hakim partiyası proporsional seçki sisteminin də bərpa olunması təklifi ilə çıxış edib. Referendumla 2002 - ci ildə Azərbaycanda proporsional (partiya siyahısı) seçki sistemi ləğv edilib. Hazırda parlament seçkisində mojaritar (tək mandatlı) seçki sistemi tətbiq olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti