Azərbaycan, Bakı, 17 noyabr / Trend , müxbir C.Babayeva/ Gələn ilin iyun ayında Azərbaycan və Türkiyə tarixinə həsr olunmuş konfrans təşkil olunacaq.
Konfransın keçirilməsi barədə qərar Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (XÖYAİDK) sədri Nazim İbrahimovun Azərbaycan -Türkiyə Tarix Araşdırmaları Fondu (ATAF) Himayəçilər Şurasının üzvləri ilə görüşdə qəbul olunub. Bu barədə Trend - a bazar ertəsi Dövlət Komitəsindən məlumat verilib.
ATAF Himayəçilər Şurası İdarə Heyətinin sədri, Türk Tarix Qurumunun sabiq rəhbəri Yusif Halacoğlu Azərbaycan və Türkiyə tarixinə dair konfransda müzakirəsi nəzərdə tutulan məsələlər barədə danışıb və Dövlət Komitəsinin bu tədbirə dəstək verməsini zəruri sayıb.
Dövlət Komitəsinin sədri İbrahimov XÖYAİDK-nin səlahiyyətləri çərçivəsində bu konfransa dəstək verəcəyini bildirib.
Sədr azərbaycanlı alimlərin Dünya Azərbaycanlılarının Xartiyası üzərində işlədiyini bildirib.
"Azərbaycan -Türkiyə Tarix Araşdırmaları Fondu da bu işdə kömək göstərə bilər, çünki sovet dövründə Azərbaycan tarixinə aid bir sıra faktlar, sənədlər məhv edilib və ya Moskvaya aparılıb. Lakin Türkiyə arxivlərindən bizim tariximizə dair ciddi və qiymətli bilgilər almaq mümkündür", - deyə Dövlət Komitəsinin sədri bildirib.
Görüşdə iştirak edən Azərbaycan - Türkiyə İş Adamları Birliyinin sədri Əhməd Erentok azərbaycanlıların və türklərin tarix boyu mövcud olan erməni problemi ilə bağlı kiçik ölçulu yaddaş kitabçasının hazırlanlıb xarici ölkələrdə yaşayan soydaşlarımız arasında yayılması barədə təşəbbüslə çıxış edib.
"Bu kitabça ermənilərin türk millətinə qarşı törətdiyi qətliamlar, soyqırımlar barədə qısa və konkret xronoloji bilgi xarakteri daşımalıdır", -deyə Erentok bildirib. Dövlət Komitəsinin sədri bu təşəbbüsü dəstəkləyib.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]