Azərbaycan, Bakı, 28 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycan Qılıncoynatma Federasiyası (AFQ) xaricdən məşqçilər dəvət etməyi planlaşdırır.
"Son illər qılıncoynatma sahəsində uğursuz çıxış edirik. Buna görə də federasiyanın prezidenti tapşırıq verib ki, xarici ölkələrdən məşqçilər dəvət edək. Gələn il 1-2 mütəxəssis dəvət etməyi planlaşdırırıq", - cümə günü Trend -a AFQ-nin vitse-prezidenti Yaşar Məmmədov deyib.
AQF-nin prezidenti Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur.
Məmmədov bildirib ki, məşqçilərlə bərabər idmançılar da dəvət etmək istəyirlər.
"Uğur qazanmaq üçün xaricdən idmançılar dəvət etməliyik. Amma onların müvəqqəti olduğunu bilirik. Ona görə də xaricdən dəvət olunan idmançılarla yanaşı, yerli qılıncoynadanlar da mütəmadi olaraq beynəlxalq yarışlara yollanmalıdırlar ki, təcrübə toplaya bilsinlər. Ancaq bu yolla qlıncoynatma sahəsini inkişaf etdirə bilərik", - deyə Məmmədov əlavə edib.
Vitse-prezident hesab edir ki, qılıncoynatma sahəsindəki uğursuzluqların səbəbi əvvəllər yerli idmançılara qayğı göstərilməməsi ilə bağlı olub: "Mən əvvəllər Gənclər və İdman Nazirliyindən xahiş edirdim ki, beynəlxalq yarışlara xaricdən gətirilmiş qılıncoynadanlarla yanaşı, yerli idmançılar da göndərilsin. Amma bu xahşimi yerinə yetirmədilər. Ona görə də indi idmançılarımızın böyük uğurlar qazanmağa təcrübəsi çatmır".
Məmmədov məlumat verib ki, gələn ilin əvvəllərində qılıncoynatma üzrə yığma komanda dörd beynəlaxq turnirdə işirak edəcək.
"Bu il bizim üçün artıq başa çatıb. Gələn il ardıcıl olaraq dörd beynəlxalq turnirə dəvət almışıq. Bu turnirlər İngiltərə, Fransa, Rusiya və Macarıstanda keçirililəcək. Yarışların 2009-cu ilin fevral-mart aylarında keçirilməsi nəzərdə tutulub", - o deyib.
Qılıncoynatma üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Tahir Həkimovdur.
Vitse-prezident bu ilin dekabr ayında Fransanın paytaxtı Parisdə Beynəlxalq Qılıncoynatma Federasiyasının konfransının keçiriləcəyini bildirib.
Azərbaycanı konfransda AQF-nin prezidenti təmsil edəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]