Azərbaycan, Bakı, 28 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Xəzər - Lənkəran" futbol klubunun baş məşqçi vəzifəsinə yerli məşqçilərdən namizəd yoxdur.
" Namizədlər arasında azərbaycanlı məşqçilərdən heç birinin adı yoxdur. Amma gələckdə belə bir namizədin olması mümkündür. Azərbaycanın səviyyəli, təcrübəli mütəxəssisləri var. İstisna etmirəm ki, hansısa yerli məşqçi ilə danışıqlar aparaq", - cümə günü Trend - a "Xəzər - Lənkəran" klubunun vitse - prezidenti Araz Nəsirov deyib.
Trend - un arayışı: Bazar günü Lənkəranda "Qarabağ"a 3:1 hesabı ilə məğlub olan "Xəzər -Lənkəran"ın türkiyəli baş məşqçisi Rasim Kara istefa verib. Hazırda komandanı Azərbaycn Premyer -Liqasının birinci dövrəsinin son turunda "Simurq"la keçiriləcək oyuna Karanın vaxtında köməkçi -məşqçi işləyən Hafiz Əliyev hazırlaşdırır.
Nəsirov bildirib ki, klub rəhbərliyindən heç kim "Xəzər - Lənkəran"ın keçmiş baş məşqçisi Ağasəlim Micavadova komandaya qayıtmağı təklif etməyib.
"Biz Mircavadova baş məşqçi vəzifəsində işləməyi təklif etməmişik. Ola bilər ki, klubdan kimsə bununla bağlı Mircavadovla danışıb. Amma bu rəsmi təklif deyil", - deyə Nəsirov əlavə edib.
Karanın istefasından sonra "Xəzər - Lənkəran" rəhbərliyinin Micavadova baş məşqçi vəzifəsini təklif etməsi ilə bağlı xəbərlər yayılmışdı. Hazırda işsiz olan məşqçinin bu təklifdən imtina etdiyi deyilirdi.
Vitse - prezident namizədlərin adlarını açıqlamaq istəməyib.
"Karanın istefasından sonra bir çox məşqçilər ya özləri, ya da menecerləri vasitəsilə "Xəzər -Lənkəran"da işləmək arzularını açıqlayıblar. Bizim əməkdaşlıq etdiyimiz menecerlər də öz namizədlərini təqdim ediblər. Hazırda təkliflər həm "Palmali" Şirkətlər Qrupunun baş ofisində, həm də burada prezidentimiz tərəfindən müzakirə edilir. Uyğun namizəd tapan kimi müqavilə bağlayacağıq", - vitse - prezident deyib.
"Xəzər-Lənkəran"ın prezidenti Mais Mənsimovdur.
Nəsirov məşqçi seçimində beynəlxalq təcrübəsi olan mütəxəssisə üstünlük verəcəklərini deyib.
"Xəzər - Lənkəran" böyük hədəfləri olan klubdur. Biz məşqçi seçimində beynəlxalq sahədə təcrübəsi olan mütəxəssisə üstünlük vermək istəyirik. Məqisədimiz komandanı Avropa səviyyəli kluba çevirməkdir".
Klub rəsmisi namizədlərin təmsil etdikləri ölkələrin adlarını açıqlamayıb.
"Xəzər - Lənkəran" bazar günü Premyer - Liqanın birinci dövrəsinin son turu çərçivəsində, Zaqatalada "Simurq"la qarşılaşacaq. Lənkəranı təmsil edən klub hazırda 25 xalla turnir cədvəlinin 5 - ci pilləsindədir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]