...

Azərbaycanın cəza siyasəti tarixində ilk dəfə olaraq həbsdə olanlara qısamüddətli səfərə icazə verilib

Cəmiyyət Materials 3 Dekabr 2008 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 dekabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanın cəza siyasəti tarixində ilk dəfə olaraq həbsdəki jurnalistlər Qənimət Zahid və Mirzə Sakitə atalarının yas mərasimində iştirak etmək üçün qısamüddətli səfərə icazə verilib.

Penitensiar Xidmətin mətbuat xidmətindən çərşənbə günü Trend -a verilən məlumata görə, məhkumların özləri cəza çəkdikləri müəssisələrin rəhbərliyinə müraciət dərək onlara qısamüddətli səfərə icazə verilməsini xahiş ediblər.

Məhkumların anası Xədicə Zahidova ədliyyə nazirinə də bu xahişlə müraciət etmişdi.

Məsələ ilə bağlı millət vəkilləri, hüquq müdafiəçiləri də bu məsələ ilə bağlı prezidentə müraciət ediblər.

Bu xahişlər və məhkumların müraciətləri nəzərə alınaraq "Cəzaların İcrası Məcəlləsi"nin 89-cu maddəsinə əsasən, Zahidov qardaşları çərşənbə günü Penitensiar Xidmətin əməkdaşlarının müşayiəti ilə Şamaxı rayonuna yola salınıblar.

Jurnalistlərin atası Səlim Zahidov dekabrın 1-də Şamaxının Meysəri kəndində vəfat edib.

"Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid (4 il) 17 saylı, həmin qəzetin satirik yazarı Mirzə Sakit (3 il) isə 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.

"Cəzaların İcrası Məcəlləsi"nin 89-cu maddəsi məhkumlara cəzaçəkmə müəssisəsinin hüdudlarından kənara qısamüddətli səfərlərə icazə verir.

Qanuna görə, ilk dəfə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə görə, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş ümumi rejimli cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlara onların yaxın qohumlarının ölümü və ya həyatı üçün təhlükə yaradan ağır xəstəliyi ilə əlaqədar cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara (yalnız ölkə daxilində) yeddi gün müddətinə qısamüddətli səfərə getməyə icazə verilə bilər.

Məhkumun qısamüddətli səfər haqqındakı ərizəsinə təxirə salınmadan baxılmalıdır. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan sonra məhkumun şəxsiyyəti və davranışını nəzərə almaqla, qısamüddətli səfərə icazə verir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti