...

Azərbaycan ombudsmanı məhkəmə qərarlarının icra olunmamasında məhkəmə icraçılarını günahlandırıb

Cəmiyyət Materials 6 Mart 2009 13:34 (UTC +04:00)
Azərbaycan ombudsmanı məhkəmə qərarlarının icra olunmamasında məhkəmə icraçılarını günahlandırıb

Azərbaycan, Bakı, 06 mart / Trend , müxbir C.Babayeva /

Azərbaycan ombudsmanı hesab edir ki, məhkəmə qərarlarının icra olunmamasının səbəbi məhkəmə icraçılarının işinə məsuliyyətsiz, qeyri-peşəkar və qərəzli yanaşması, qanunun tələblərinə riayət etməməsidir, Trend -un məlumatına görə, ombudsman Elmira Süleymanova cümə günü Milli Məclisə illik hesabatına dair çıxışında bildirib.

"Ombudsman Aparatına məhkəmə qərarlarının icra edilməməsi ilə əlaqədar vətəndaşlardan daxil olan çoxsaylı şikayətlərin təhlili bunu deməyə əsas verir. Məhkəmə icraçılarının vətəndaşlara qarşı laqeyid və biganə münasibətinin nəticəsində məhkəmə qərarları icrasız qalıb ki, bu da vətəndaşların ədalətli mühakimə hüququnun pozulması ilə nəticələnib", - deyə ombudsman bildirib.

Süleymanovanın sözlərinə görə, icrası ləngidilən məhkəmə qətnamələri arasında əmlakın qaytarılması, mənzil sahəsindən çıxarılma, zəbt edilmiş mənzilin boşaldılması, aliment və əmək haqqı üzrə borcların ödənilməsinə dair qətnamələr çoxluq təşkil edir.

Trend -un arayışı: Ədliyyə Nazirliyində ötən ilin yekunlarına dair keçirilən müşavirədə baş məhkəmə məmuru Xanlar Zeynalov bildirib ki, ötən il Azərbaycanda icraata daxil olan məhkəmə qərarlarının sayı 100 mini ötüb və onların 90 faizdən çoxu icra olunub.

Ədliyyə Nazirliyinin məlumatına görə, məhkəmə qərarlarının icrası ilə bağlı qanuni tələbləri yerinə yetirməyən 605 nəfər inzibati məsuliyyətə cəlb olunub, məhkəmə qərarlarını qərəzli icra edən 82 şəxs barəsində cinayət işi başlanaraq məhkəmələrə göndərilib.

Ədliyyə nazirinin əmri ilə Bakı şəhər Suraxanı rayon məhkəmə icraçıları şöbəsinin rəisi, Nərimanov rayon məhkəmə icraçıları şöbəsinin böyük məhkəmə icraçısı tutduqları vəzifədən azad edilib, Nərimanov rayon məhkəmə icraçıları şöbəsinin rəisinə şiddətli töhmət və işdə dönüş yaratması üçün ona 6 ay vaxt verilib. Digər 10 əməkdaş intizam məsuliyyətinə cəlb edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti