...

Azərbaycanda həbs olunmuş baş redaktorun apellyasiya şikayətinə bu gün baxılacaq

Cəmiyyət Materials 9 Aprel 2009 11:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda aprelin 7-də məhkəmə qərarı ilə həbs olunan baş redaktorun apellyasiya şikayətinə cümə axşamı baxılacaq.

"Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzlinin vəkili Elçin Sadıqlı cümə günü Trend -a bildirib ki, Yasamal rayon məhkəməsinin qərarından verdikləri apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsində hakim Qayıl Məmmədovun icraatına verilib.

Trend -un arayışı: "Təzadlar" qəzetinin baş redaktoru aprelin 7-də Bakının Yasamal rayon məhkəməsinin qərarı ilə həbs olunub.

Baş redaktora və qəzetin əməkdaşı Zümrüd Məmmədovaya qarşı Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayev, ABU-nun I prorektoru Hüseyn Əhmədov, ABU-nun müəllimi Eldəniz Abdullayev və Bakı şəhər Vergilər Departamentinin müfəttişi, İslam Abdullayev şərəf və ləyaqətin müdafiəsinə dair xüsusi ittiham qaydasında iddia irəli sürüb.

Məhkəmə Mərzlinin 1 il müddətinə azadlıqdan məhrum edilməsi, Məmmədovanın 6 ay müddətinə islah işləri cəzasına cəlb olunması barədə qərar qəbul edib.

İddiaçılar ABU rektoru və onun rəhbərlik etdiyi təhsil müəssisəsi barədə həqiqətəuyğun olmayan faktların və ABU-nun kafedra müdiri olmuş Mahir Abdullayevin 2003-cü ildə müəmmalı şəraitdə itkin düşməsi barədə yalnış məlumatların dərc edildiyini əsas gətirərək, cavabdehlərin Cinayət Məcəlləsinin təhqir və böhtan maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını məhkəmədən xahiş ediblər.

Vəkil bildirib ki, şikayət üzrə məhkəmə baxışı bu gün saat 16.00-da başlayacaq.

Azərbaycan Mətbuat Şurası baş redaktor barədə məhkəmə qərarının dəyişdirilməsinə kömək göstərməsi xahişi ilə prezident İlham Əliyevə müraciət edib.

Müraciətdə dövlət başçısından jurnalistin ailə vəziyyəti nəzərə alınaraq, barəsində çıxarılmış məhkəmə hökmünün dəyişdirilməsinə kömək göstərilməsi xahiş olunur.

Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov mətbuata açıqlamasında prezidentin baş redaktorun həbsindən təəssüfləndiyini bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti