...

Azərbaycan Ombudsman Aparatı hərbçilər arasında baş vermiş kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparıb

Cəmiyyət Materials 29 May 2009 18:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 may / Trend , müxbir, K.Zərbalıyeva /

Azərbaycan Ombudsman Aparatı Müdafiə Nazirliyi Təlim-Tədris Mərkəzinin Qaraheybət Təlim Mərkəzində baş vermiş kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparıb.

Ombudsman Aparatının mətbuat xidmətindən cümə günü Trend -a verilən məlumata görə, Müdafiə Nazirliyinin Sanitar-Epidemioloji Nəzarət Mərkəzi tərəfindən həmin hərbi qulluqçulardan götürülmüş analizlərdə zəhərlənmə halının olmadığı müəyyən edilib.

Trend -un arayışı: Mayın 27-nə keçən gecə Bakının Qaradağ rayonunda yerləşən Qaraheybət Ümumqoşun Təlim Mərkəzində ötən axşam kütləvi qida zəhərlənməsi baş verib. Təlim Mərkəzindən 164 əsgər müayinə üçün Hərbi Klinik Hospitala gətirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend -a verilən məlumata görə, hərtərəfli müayinədən sonra 158 əsgər xidməti yerlərinə qaytarılıb.

6 əsgərdə isə bəzi xəstəliklər müşahidə olunduğundan, əlavə müayinə və müalicəyə cəlb edilib. Həmin əsgərlər bu gun hospitaldan hərbi hissələrinə buraxılıblar.    

Təlim Mərkəzində qida zəhərlənməsi ilə bağlı Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Mayın 28-də deputat Aydın Mirzəzadə bir qrup jurnalistlə birgə təlim mərkəzində hərbçilərin qidalanma və saxlanma şəraiti ilə tanış olub.

Aparatın əməkdaşları Qaraheybət Təlim Mərkəzində və Nazirliyin Mərkəzi Klinik Hospitalında olub, zərərçəkmiş hərbi qulluqçularla və hərbi həkimlərlə görüşüblər.

Araşdırma zamanı məlum olub ki, mayın 26-da şam yeməyindən sonra hərbi qulluqçuların bəzilərinin səhhəti pisləşdiyi üçün onlar Mərkəzi Klinik Hospitala gətiriliblər.

Ambulator müayinədən keçirildikdən sonra onlara tibbi yardım göstərilib, növbəti gün həmin şəxslər öz xidməti yerlərinə qaytarılıblar.

Qalan altı hərbi qulluqçunun müalicəsi isə stasionar şəraitdə "mədənin funksional pozulması" diaqnozu ilə davam etdirilib.

Mayın 29-da səhər saatlarında müalicələri başa çatdığı üçün onlar hərbi hissəyə qaytarılıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti