...

İrandan Azərbaycana narkotiklərin daşınması ilə məşğul olan Astara rayon sakinlərinin məhkəməsi başlayıb

Cəmiyyət Materials 15 İyul 2009 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul / Trend , muxbir H.Bağırov / 

İrandan Azərbaycana narkotiklərin daşınması ilə məşğul olan Astara rayon sakinləri - Alim Həsənov, Ağagül Abbasquliyev və Şərur rayon sakini Kamal Əliyevin məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tamella Nəsurullayevanın sədrliyi ilə cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

İttihama görə, Milli Təhülkəsizlik Nazirliyinin bu ilin mayın 4-də keçirdiyi əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan Astara rayon sakinləri - Ağagül Abbasquliyev, Alim Abbasov və Sumqayıt şəhər sakini Kamal Əliyev saxlanılıb. Onlardan 4 kiloqrama yaxın heroin aşkar edilərək götürülüb.

Müəyyən edilib ki, yuxarıda adları çəkilənlər, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları və digər şəxslər satış məqsədilə narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətiriblər. Əvvəlcədən əldə olunmuş razılığa əsasən, Ağagül Abbasquliyevin tapşırığı ilə Alim Həsənov İran vətəndaşlarının qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirdikləri həmin narkotiki Astara rayonunun Pəlikeş kəndinin ərazisində onlardan qəbul edib və meşədə gizlədib. Sonra Ağagül Abbasquliyev Alim Həsənova narkotik vasitəni Sumqayıt şəhərinə aparmağı tapşırıb, bunun müqabilində ona 8 min ABŞ dolları veriləcəyini vəd edib. Alim Həsənov narkotik vasitələri idman çantasında Bakı şəhərinə gətirib və Kamal Əliyevlə Sumqayıt şəhərinin girəcəyində görüşmək barədə razılaşıblar.

Alim Həsənov Kamal Əliyevin təlimatına əsasən taksi maşınında Sumqayıta gəlib və onlar burada görüşən zaman Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıblar. Baxış zamanı onlardan 4 kiloqrama yaxın narkotik vasitə olan heroin, Kamal Əliyevdən isə Alim Həsənova vəd olunan 8 min ABŞ dolları məbləğində pul aşkarlanaraq götürülüb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı (206.3.2-ci), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma (234.4.1 və 234.4.3-cü) maddələri ilə ittiham olunurlar.

Məhkəmə prosesi iyulun 17-nə təyin edilib.

Xəbər lenti

Xəbər lenti