...

Bir sıra beynəlxalq ekoloji təşkilatlar Azərbaycanda yaşıllaşdırma təşəbbüsünə qoşulmaq arzusundadırlar - nazir

Cəmiyyət Materials 23 İyul 2009 10:35 (UTC +04:00)
Nazirin sözlərinə görə, dövlət başçısının yaşıllaşdırma ilə bağlı tapşırıqları üzrə artıq bir neçə istiqamətdə işlər başlanıb və uğurla davam etdirilir. "Ələt-Hacıqabul magistral avtomobil yolu ətrafında 172 min ədəd ağac və kol əkilib, müasir damcı suvarma sistemi yaradılıb və nəticədə 90 faiz yaşıl örtüyə nail olunub. Bu ilin altı ayında burada daha iki hektar ərazidə yaşıllaşdırma işləri aparılıb, bütün əkinlərə aqrotexniki qulluq göstərilib", - Hüseyn Bağırov bildirib.
Bir sıra beynəlxalq ekoloji təşkilatlar Azərbaycanda yaşıllaşdırma təşəbbüsünə qoşulmaq arzusundadırlar -  nazir

Azərbaycan, Bakı, 23 iyul / Trend , müxbir C.Babayeva /  

Bir sıra beynəlxalq ekoloji təşkilatlar Azərbaycanda yaşıllaşdırılma təşəbbüsünə qoşulmaq arzusundadırlar.

"Azərbaycan Prezidentinin qısa müddət ərzində Bakıda və onun ətrafında üç milyon ağacın əkilməsi barədə təşəbbüsü beynəlxalq ekoloji ictimaiyyətdə ciddi marağa səbəb olub. Bir sıra beynəlxalq ekoloji təşkilatlar da bizim nazirliyə bu təşəbbüsə qoşulmaq arzusunda olduqlarını bildiriblər", - Trend -un məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında çıxışı zamanı bildirib.

Trend -un arayışı: Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin əvvəlki iclasında qısa müddət ərzində Bakıda və onun ətrafında 3 milyon ağacın əkilməsi barədə tapşırıq verib. Bu təşəbbüs 100 ildən çox müddətdə formalaşmış Abşeron yaşıllıqlarının çox qısa zamanda, demək olar ki, ikiqat artırılması deməkdir. Bu məqsədlə Abşeron yarımadasının 11 ərazisində yer seçilib, Zığ gölü ətrafının, habelə keçmiş "Sədərək" və "Binə" ticarət mərkəzlərinin yerinin yaşıllaşdırılması layihələri hazırlanıb.

Nazirin sözlərinə görə, dövlət başçısının yaşıllaşdırma ilə bağlı tapşırıqları üzrə artıq bir neçə istiqamətdə işlər başlanıb və uğurla davam etdirilir. "Ələt-Hacıqabul magistral avtomobil yolu ətrafında 172 min ədəd ağac və kol əkilib, müasir damcı suvarma sistemi yaradılıb və nəticədə 90 faiz yaşıl örtüyə nail olunub. Bu ilin altı ayında burada daha iki hektar ərazidə yaşıllaşdırma işləri aparılıb, bütün əkinlərə aqrotexniki qulluq göstərilib", - Bağırov bildirib.

Nazir bildirib ki, Zığ-Heydər Əliyev adına beynəlxalq hava limanı yolu boyu 196 hektar ərazidə 230 min ədəd ağac və kol əkilib. "Onların bir qismi xaricdən gətirilən və bizim zeytun sahələrinin növ çeşidini genişləndirmək üçün istifadə olunan zeytun ağaclarıdır. Mürəkkəb şəraitdə, neft məhsulları, yod və bromla çirklənmiş torpaqlarda əkilmiş ağaclara lazımi qulluq göstərilməsi sayəsində onların 80 faizdən çoxunun bitməsi müşahidə olunur", - o bildirib.

Bağırov Əzizbəyov dairəsi-Heydər Əliyev adına beynəlxalq hava limanı yolu boyunca 22 hektar sahədə yaşıllaşdırma işləri aparıldığını bildirib. "Burada 10 hektarda dekorativ ağaclar əkilib, 32 hektar sahədə isə böyük tikinti-quraşdırma işləri zamanı zədələnmiş yaşıllıqda bərpa işləri aparılıb. Hər iki ərazidə suvarma sistemləri yaradılıb. Bu məqsədlə qazılmış 25 artezian quyusu ilə bərabər, Bülbülə gölünün suyundan da istifadə olunması suvarma suyu ilə bağlı problemi həll etməyə, eyni zamanda, gölün səviyyəsini də tənzimləməyə imkan verir", - nazir deyib.

Nazir Zığ-Heydər Əliyev adına beynəlxalq hava limanı yolu boyunca yaşıllığın genişləndirilməsi, Binə-Zirə yolunun, Kürdəxanı və Səngəçal qəsəbələrinin ətrafının yaşıllaşdırılması layihələrinin hazırlandığını və qısa zamanda başa çatdırılacağını bildirib.

Onun sözlərinə görə, meşələrin mühafizəsi, bərpası, yeni meşəliklərin salınması sahəsində də ciddi tədbirlər görülməkdədir. "Toxum tədarükü, əkin materiallarının yetişdirilməsi, meşələrin bərpası, yeni meşə massivlərinin yaradılması sahəsindəki göstəricilər durmadan artır. Ümumilikdə, 2003-cü ildən bəri 58 min 964 hektar sahədə yeni meşələr salınıb. Təkcə bu ilin altı ayı ərzində, yəni yaz mövsümündə 1383 hektar sahədə meşəbərpa işləri aparılıb, 29 min hektar əraziyə aqrotexniki qulluq göstərilib", - Bağırov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti