Azərbaycan, Lənkəran, 18 avqust / Trend , müxbir P.Əliyeva /
Azərbaycanın cənubunda yerləşən Astara rayonunda (paytaxt Bakıdan 300 km cənubda) beş məktəb tikilir.
Rayonda təhsilin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə dövlət vəsaiti hesabına beş məktəbin tikintisi, birinin isə əsaslı təmiri gedir. Bu barədə çərşənbə axşamı Trend -a Astara rayon təhsil şöbəsindən məlumat verilib.
97 yaşlı Pensər kənd 2 saylı orta məktəbi üçün inşa olunan yeni binada işlər artıq tamamlanıb. Məktəbin tikintisinə ötən ilin sonlarından başlanılıb. İkimərtəbəli bina 480 şagird üçün nəzərdə tutulub və 24 sinif otağından ibarətdir. Ümumi sahəsi 1700 kv metr olan məktəbin böyük idman zalı, kitabxanası, kompüter otaqları var. Bundan başqa, həyətyanı sahədə istilik sistemi üçün qazanxana tikilib, su nasos stansiyası, elektrik transformatoru qurulub. Məkətbin 1912-ci ildə xeyriyyəçi Hacı Osman tərəfindən inşa olunan köhnə binası isə təmir olunaraq Astarada ilk Rus-tatar məktəbi kimi mühafizə olunacaq.
Astara rayonunun Rinə kəndində də yeni orta məktəb binası inşa edilir. Şəhid Elşən Baxşıyevin adını daşıyan məktəbdə 20 sinif otağı ilə yanaşı idman zalı, yeməkxana, kitabxana, kimya, biologiya və fizika laboratoriyaları olacaq. Yeni dərs ilində istifadəyə veriləcək tədris müəssisəsinə avadanlıqlar da gətirilib.
Kijəbə qəsəbəsindəki orta məktəb isə əsaslı təmir olunur. Qəza vəziyyətində olduğundan artıq iki ilə yaxındır tədris qəsəbədəki bağçada keçirilirdi. İndi burada yenidənqurma işləri aparılmaqla yanaşı, yeni avadanlıqlar da gətirilib. 578 şagirdin təhsil aldığı məktəb dərs ilində istifadəyə veriləcək.
Qəcimardə kənd əsas məktəbində isə tikinti işləri sürətləndirilib. İkimərtəbəli tədris korpusu 280 şagird üçün nəzərdə tutulub. Bundan başqa, Astaranın Pəlikəş və Vovoda kəndlərində də yeni məktəb binaları inşa edilir.
Dövlət proqramında rayonun təmirə və ya tikintiyə ehtiyacı olan bütün məktəblərin müasir tələblərə uyğunlaşdırılması nəzərdə tutulub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]