Rufiz Hafizoglu, Trend -un Yaxın Şərq redaksiyasının rəhbəri
Bütün İslam ümməti üçün rəhmət və bərəkət ayı hesab edilən Razaman ayı yetişdi. Hər il Ramazanla əlaqədar olaraq bütün dünya müsəlmanları müxtəlif tədbirlər keçirirlər. Bəs görəsən, oruc tutanların hamısı Ramazan ayı haqqında hər şeyi bilirlərmi?
Bir çoxları orucun Allah tərəfindən yalnız müsəlmanlara əmr edildiyini hesab edir. Lakin Quran ayələrinə nəzər salsaq görərik ki, orucun nəinki müsəlmanlara, hətta İslamdan əvvəlki ümmətlərə də əmr edildiyi bildirilir. Bu barədə Quranın Bəqərə surəsinin 183-cü ayəsində deyilir: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, bəlkə (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!"
Allah orucun tək müsəlmanlara deyil, İslamdan əvvəlki ümmətlərə də aid olduğunu bildirir.
Eyni zamanda, oruc İslamın beş şərtindən biridir. İslam Peyğəmbərinin hədislərində bu barədə belə buyurulur: "İslam beş təməl üzərində qurulub. Allahdan başqa allahın olmadığına və Məhəmmədin Onun elçisi olduğuna inanmaq, namaz qılmaq, zəkat vermək, həccə getmək və oruc tutmaq".
Ramazan ayı haqqında bilinməsi vacib olan məsələlərdən biri də, məhz bu ayda Quranın və digər səmavi kitabların nazil olmasıdır. Heç şübhəsiz ki, bütün səmavi kitablar məhz Ramazan ayında nazil olub.
Peyğəmbərin hədislərinə nəzər salsaq, bunu açıq-aydın görərik. Peyğəmbər hədislərinin birində belə buyurur: "İbrahimə nazil olan səhifələr Ramazanın ilk gecəsində, Tövrat Ramazanın altıncı gecəsi, İncil Ramazanın on üçüncü gecəsi, Quran isə Ramazanın iyirmi dördüncü gecəsi nazil olub".
Ramazan ayının digər aylardan seçilməsi və sevilməsinin əsas səbəbi isə bu ayda bütün müsəlmanların oruc tutmasıdır.
Ramazan ayını digər aylardan fəqrləndirən cəhətlərdən biri də, bu ayda min aydan daha fəzilətli bir gecənin olmasıdır. Qurani-Kərimdə Qədr gecəsi ilə bağlı bu ayələrdə buyurulur: "Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik! Sən haradan biləsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan daha xeyirlidir".
Bəzi məsələlərdə müsəlmanlar arasında ixtilafın olmasına baxmayaraq, Ramazan ayı birlik və bərabərlik ayıdır. Hər il olduğu kimi, bu il də Ramazan ayının başlanması müsəlman ölkələrində müxtəlif günlərə təsadüf edir. Bəzi müsəlmanlar Ramazan ayının müsəlman ölkələrində müxtəlif günlərə təsadüf etməsini İslam birliyinə qarşı atılan təxribat kimi dəyərləndirirlər. Əslində isə bu belə deyil. Ramazanın girişi ayın görünməsi ilə bağlı olduğu üçün orucluğun başlanması da ölkədən asılı olaraq müxtəlif günlərə təsadüf edə bilər.
Misal üçün onu demək olar ki, bu il orucluğun başlanması Türkiyədə avqustun 21-nə təsadüf edirsə, Azərbaycan və İranda orucluğun girişi bir gün sonraya təsadüf edir.
Görəsən, belə bir hal ilə qarşılaşdıqda müsəlmanlar nə etməlidirlər və hansı ölkəyə uyğun olaraq oruc tutmalıdırlar. Bu məsələdə bəzi İslam alimləri yekdil fikirdədir: müsəlmanlar öz ölkələrində Ramazanın girməsi ilə oruc tutmalıdırlar.
Bəzi müsəlmanların isə orucun sadəcə gün doğandan gün batanadək yalnız yemək və içməkdən itmtina etmək olduğu fikri doğru deyil. Çunki müsəlmanlar eyni zamanda qəlbi ilə də oruc tutmalı, pis əməllərdən və fikirlərdən uzaq olmalıdırlar. Hədislərə nəzər salsaq, Peyğəmbərin bəzi oruc tutanlar barədə belə söyləməsinin şahidi olarıq: "Ümmətimdən elələri var ki, Ramazandan onlara yalnız ac və susuz qalmaq düşər". Ona görə də imkan daxilində çalışmaq lazımdır ki, Orucumuzdan bizə ac-susuzluq deyil, savab və mənəvi paklıq qalsın.
Görəsən, birlik və mənəvi paklıq ayı olan Ramazanda hansı əməllərin edilməsi daha yaxşıdır?
Şübhəsiz ki, ilk növbədə Ramazanın gəlişinə və oruca mənəvi hazırlıq lazımdır. Çünki Peyğəmbər və səhabələri də bu aya altı ay qabaqcadan hazırlaşırdılar. Bu da Ramazan ayının digər aylardan savab və fəzilət baxımından daha üstün olmasından irəli gəlir.
Bu ayda üstün və fəzilətli əməllərdən biri də edilən günahlardan Allaha tövbə etmək və Allahın rəhmətinə əmin olmaqdır. Allah bu barədə Quranda belə buyurmaqdadır: "Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır və rəhm edəndir!"
Bu ayda sevilən əməllərdən biri də Allaha çoxlu şükür etmək, ibadətləri çoxaltmaq, imkansız və kasıblara yardım etməkdir. İslam Peyğəmbərinin həyatına nəzər salsaq görərik ki, o, Ramazan ayında digər aylarda olduğundan daha çox səxavətli idi.
Sadalananlardan ən əsası isə Ramazan ayının üç hissədən: əvvəlinin rəhmət, ortalarının məğfirət, sonunun isə cəhənnəmdən qurtuluşdan ibarət olmasıdır.
Bu ayın Allaha yaxınlaşmaq, günahlardan qurtulmaq ayı olmasını nəzərə alaraq, bu Ramazanın həyatımızın son Ramazanı və həyatımızda bir daha belə bir fürsətin ola bilməyəcəyi düşüncəsi ilə bu müqəddəs aydan imkan daxilində daha çox faydalanmaq lazımdır.