İranda keçirilmiş prezident seçkisində əsas namizədlərdən olan Mirhüseyn Musəvinin tanınmış müdafiəçisi Səid Həccariyan 200 min dollar qarşılığında azadlığa buraxılıb. Bu barədə FARS xəbər agentliyi məlumat yayıb.
Həccariyanın vəkili Cəfər Səlahi bildirib ki, Həccariyan son məhkəmə qərarı verilənədək azadlığa buraxılıb və onun azadlığı müvəqqətidir. "İlkin məhkəmə distansiyası Həccariyana hökm oxuyub. Bu qərardan Ali və Apelyasiya məhkəmələrinə şikayət olunacaq. Son hökm oxunanadək Həccariyan azadlıqda olacaq", - deyə Səlahi deyib.
Səlahi əlavə edib ki, Həccariyan dünən azadlığa buraxılmalı idi, lakin bu gün günorta azadlığa buraxılıb.
Həccariyan iyunun 16-da yaşadığı mənzildə təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub. Həccariyan Məhəmməd Xatəminin prezidentliyi dövründə həyata keçirilən islahatların ideoloqu sayılır. O, hazırda Müşarikət Cəbhəsinin üzvüdür.