...

Azərbaycan məhkəməsi 11 il əvvəl atası tərəfindən qanunsuz olaraq Rusiyaya qaçırılan uşaqla bağlı işə baxacaq

Cəmiyyət Materials 1 Aprel 2010 10:46 (UTC +04:00)
Fatma Qafarova Əli Kərimovla ailə həyatı qurduqdan sonra, onların 26 sentyabr 1994-cü ildə övladları Adil Kərimov dünyaya gəlib. 11 dekabr 1997-ci ildə isə məhkəmənin qərarı ilə onlar arasında bağlanmış nikah ləğv edilib.
Azərbaycan məhkəməsi 11 il əvvəl atası tərəfindən qanunsuz olaraq Rusiyaya qaçırılan uşaqla bağlı işə baxacaq

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir K.Zərbalıyeva/

Bakı Apelyasiya Məhkəməsində aprelin 2-də 11 il əvvəl atası tərəfindən qanunsuz olaraq Rusiyaya qaçırılan uşağın yaşayış yerinin müəyyənləşdirilməsi ilə bağlı proses başlayacaq.

Fatma Qafarova Əli Kərimovla ailə həyatı qurduqdan sonra, onların 26 sentyabr 1994-cü ildə övladları Adil Kərimov dünyaya gəlib. 11 dekabr 1997-ci ildə isə məhkəmənin qərarı ilə onlar arasında bağlanmış nikah ləğv edilib.

Ayrıldıqdan sonra Əli Kərimov Moskva şəhərinə gedib, Fatma Qafarova isə anası və oğlu Adillə birgə Bakı şəhəri Mərdanov qardaşları küçəsi - 96a saylı evin 67-ci mənzilində yaşayıblar.

20 dekabr 1998-ci ildə Əli Kərimov Bakıya qayıdıb və keçmiş həyat yoldaşını aldadaraq, oğlunu zooparka aparmaq adı ilə anadan alaraq, uşağı gizlin yolla Moskva şəhərinə aparıb. Həmin vaxtdan Qafarovanın oğlunu görmək imkanı olmayıb. Ana dəfələrlə Moskvaya gedib, oğlu ilə görüşmək istəsə də, həm keçmiş həyat yoldaşı, həm də səlahiyyətli orqanlar ona mane olub.

Bakı Şəhər Səbail Rayon Məhkəməsinin17 mart 1999-cu il tarixli qətnaməsi ilə Qafarovanın Kərimova qarşı "uşağın geri alınması və yaşayış yerinin onunla təyin olunmasına dair" iddiası rədd, Əli Kərimovun Fatma Qafarovaya qarşı "uşağın yaşayış yerinin müəyyən edilməsi tələbinə dair" iddiası isə təmin edilib. Sonradan bu qərar Ali Məhkəmə tərəfindən ləğv olunub.

2000-ci ildə Səbail Rayon Məhkəməsi uşağın anası ilə qalması barədə qərar verib. Lakin məhkəmənin qərarı 5 il icra olunmayıb. Əli Kərimovun həmin qətnaməni alması barədə sübut olmadığından, 2005-ci ildə Səbail Məhkəməsi tərəfindən apelyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddət bərpa edilib.

Kərimovun verdiyi apelyasiya şikayətinə mahiyyət üzrə baxan Apelyasiya Məhkəməsi 23 fevral 2006-cı il tarixli qərardadı ilə apelyasiya şikayətini qismən təmin edərək, uşağın anada saxlanması barədə birinci instansiya məhkəməsinin 10 aprel 2000-ci il tarixli qətnaməsini ləğv edib, Əli Kərimovla Fatma Qafarovun bir-birlərinə qarşı "uşağın yaşayış yerinin müəyyən edilməsi tələbinə dair" və "uşağın geri alınması və yaşayış yerinin anası ilə təyin olunması tələbinə dair" iddialar üzrə işin icraatına xitam verilib.

Apelyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verilib və Ali Məhkəmə uşağın valideynlərindən hansı ilə qalması barədə fikrini öyrənmək barədə araşdırma aparılmasını apelyasiya məhkəməsinə tapşırıb. Həmçinin, "Adil Kərimov Moskva şəhərində yaşadığından, onun gətirilməsi problemlər yaradarsa, onun yaşadığı yer üzrə məhkəmə tapşırığı göndərilməli və cavab alındıqdan sonra, işə mahiyyəti üzrə baxılmalıdır" göstərişi ilə işi apelyasiya baxışına qaytarıb.

2007-ci ilin dekabrında Apelyasiya Məhkəməsi Simonov Federal Məhkəməsinə bu barədə sorğu ilə müraciət edib. Moskva Məhkəməsi 2008-ci ilin dekabrında tapşırığı icraata götürüb və 2009-cu ilin yanvarıda qərar qəbul edərək, Bakı Apelyasiya Məhkəməsinə göndərib.

Aprelin 2-də hakim İlqar Xəlilovun sədrliyi ilə bu iş üzrə növbəti proses keçiriləcək.

Xəbər lenti

Xəbər lenti