...

"Azərsun Holdinq" yaşıllaşdırma işlərini davam etdirir (FOTO)

Cəmiyyət Materials 5 Aprel 2010 18:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir K.Zərbalıyeva/

"Azərsun Holdinq" Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda 2010-cu ilin "Ekologiya İli" elan edilməsini əsas götürərək geniş yaşıllaşdırma işlərində iştirak edir.

Holdinq yaşıllaşdırma işlərini müxtəlif rayonlarda həyata keçirir. Bu tədbirlər çərçivəsində Əzizbəyov rayonu Türkan qəsəbəsində də yerli icra hakimiyyət orqanının rəhbərliyi və ictimaiyyətin iştirakı ilə təşkil olunan iməcilikdə ağacəkmə işləri həyata keçirilib. İməciliyə qoşulan "Azərsun Holdinq"in əməkdaşları gətirdikləri həmişəyaşıl ağaclarla Türkan qəsəbəsinin yaşıllaşmasına öz töhfələrini veriblər. İməcilikdə minə qədər ağac və kollar əkilib.

Ətraf mühitin qorunması istiqamətində məqsədyönlü işlərin görülməsini, bu sahədə həyata keçiriləcək tədbirlərin daha da genişləndirilməsinin zəruriliyini qeyd edən holdinqin departament müdiri Kazım Babayev yaşıllaşdırma işlərinin Bakı ilə yanaşı, regionlarda, xüsusilə Kürdəmir, İmişli, Biləsuvarda da "Azərsun Holdinq" tərəfindən dəstəklənəcəyini bildirib.

Hazırda inşası "Azersun Holdinq" tərəfindən tamamlanmaqda olan Masazır Duz Zavodunun ərazisində yaşıllaşdırma işlərinin həyata keçirilməsi üçün su-artezian quyuları qazılaraq, torpaq daşınma işləri tamamlanmaqdadır. Holdinq tərəfindən ərazidə minlərlə ağacın əkilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti