Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir A.Hüseynbala/
Azərbaycanda yataqxanalarda məskunlaşan qaçqın və məcburi köçkünlərin köçürülməsinə bu ildən başlanılacaq. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənov bildirib.
"Onların yeni binalara köçürülməsi üçün artıq torpaq sahələri ayrılıb. Təkcə Bakıda yataqxanalarda 216 min qaçqın və məcburi köçkün yaşayır", - Həsənov deyib.
Onun sözlərinə görə, Təhsil Nazirliyinin balansında olan 60-a yaxın yataqxanada 16 min ailə yaşayır.
Baş nazirin müavini bildirib ki, sonra mərhələli şəkildə uşaq bağçaları və digər dövlət qurumlarında yaşayan qaçqın və məcburi köçkünlərin köçürülməsinə başlanılacaq.